Kamerunlu futbolçu Julien Ebah "Kəpəz"in yeni bombardiri olub. Sportnet.az-ın məlumatına görə, hücumçu braziliyalı komanda yoldaşı Junior Osvaldonu arxada qoyub. Bu, Ebahın Premyer Liqanın 32-ci turunda "Rəvan"a 3:2 hesabı ilə qalib gəldikləri ev oyunununda fərqlənməsindən sonra baş verib.
Ardıcıl 2 turdur meydanı qolsuz tərk etməyən afrikalı legioner eyni zamanda uzun fasilədən sonra Gəncədə fərqlənib. Ebah qış fasiləsindən sonra ev oyununda qol vursa da, bundan sonra rəqib qapısına yol tapa bilmirdi.
"Kəpəz"in ən çox qol vuran yerli futbolçusu Tural Axundovdur. Sağ cinah müdafiəçisi keçmiş komandası "Rəvan"la oyunda fərqlənərək hesabına 5-ci qolu yazıb. Maraqlıdır ki, Axundov bunların hamısına penaltidən imza atıb.
Ümumiyyətlə, Gəncə klubunda müdafiəçilərin məhsuldarlığı diqqət çəkir. Belə ki, sol kənar müdafiəçisi Şəhriyar Rəhimov 4 dəfə fərqlənib. "Kəpəz"dən mərkəz müdafiəçiləri Tərlan Quliyevlə Tural Nərimanov, eyni zamanda müdafiəyəmeylli yarımmüdafiəçilər Bidaq Nəsirovla Kərim Diniyev hərəyə 1 qol vura biliblər.