Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, hesabat turunun bütün oyunlarında ən azı 2 qol vurulub.
Artıq çempionluğu təmin etmiş "Qarabağ" "Qəbələ"ni Dani Kintananın "dubl"u sayəsində məğlub edib. "Zirə"nin AZAL-la səfər matçında 1:1 hesablı heç-heçə ilə kifayətlənməsindən sonra liderlə ən yaxın izləyicisi arasındakı xal fərqi 20-yə çatıb. Debütantın 2-ci pilləni əldən vermə təhlükəsi yaransa da, "Kəpəz"in evdə "Neftçi"yə gözlənilməz məğlubiyyəti Adil Şükürovun baş məşqçi olduğu komandaya rahat nəfəs aldırıb. Gəncə təmsilçisinin uduzmasından yararlanan "İnter" isə "Xəzər Lənkəran" üzərində eyni hesablı qələbə sayəsində 3-cü pilləyə qalxıb. "Kəpəz" 4-cü, "Qəbələ" 5-ci pilləyə enib.
"Zirə" ilə "İnter"in avrokuboklardan kənarda qalma ehtimalı səbəbindən, 6-cı pillə uğrunda mübarizə daha da kəskinləşib. "Neftçi" Gəncədəki qələbədən sonra AZAL-la xallarını bərabərləşdirib. İndi "təyyarəçilər" yalnız şəxsi oyunlardakı üstünlük səbəbindən mövqelərini itirməyiblər. Nəhayət, aşağı pillələrdə qərarlaşmış "Sumqayıt"la "Rəvan" arasındakı görüşdə "gənclik şəhəri" təmsilçisi qələbə qazanıb - 3:1.
Azərbaycan Premyer Liqası, XXXIV tur
16:00. AZAL – "Zirə" - 1:1
Qollar: Nuqzar Kvirtiya, 68 - Viktor İqbekoyi, 86
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Bakı. "AZAL Arena"
16:00. "Kəpəz" – "Neftçi" - 1:2
Qollar: Julyen Ebah, 4 - Anyete, 49. Ruslan Qurbanov, 80-penalti ilə
Qırmızı vərəqə: Tərlan Quliyev, 90 ("Kəpəz")
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elman Musayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov
Gəncə. Gəncə şəhər stadionu
17:00. "İnter" – "Xəzər Lənkəran" - 2:1
Qol: Rauf Əliyev, 14. Yuri Fomenko, 27 - Vaquf Güləliyev, 47
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Vüqar Bayramov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. "İnter Arena"
18:00. "Sumqayıt" – "Rəvan" - 3:1
Qol: Amil Yunanov, 64. Pərdis Fərcad Azad, 74; 81 - Yasin Həmid, 8
Hakimlər: Rəvan Həmzəzadə, Azər Əsgərov, İsgəndər Əliyev, Fərid Məmmədov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Füzuli Nəcəfov
Sumqayıt. "Kapital Bank Arena"
19:00. "Qarabağ" – "Qəbələ" - 2:0
Qol: Dani Kintana, 16; 32
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Bakı. "Əlincə Arena (CBC Sport)
________________________________________________________________________________________________________________________________________
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun oyunları keçiriləcək. Sportnet.az-ın məlumatına görə, turun bütün görüşləri yenə eyni günə təyin edilib.
AZAL klubu turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Zirə"ni qonaq edəcək. Qonaq komanda yalnız hazırkı mövqeyini qorumaq üçün meydana çıxacaqsa, "təyyarəçilər" Avropa Liqasına vəsiqə qazanmağa çalışacaq. Bunun üçün Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda doğma meydanda məğlub olmamalı və ən yaxın izləyicisi "Neftçi"dən uzaqlaşmalıdır. Yalnız cari mövsümdə üz-üzə gələn komandaların hər üç duelində meydan sahibi olan tərəf qalib gəlib. "Zirə" hazırda 60 xalla turnir cədvəlində 2-ci, AZAL isə 45 xalla 6-cı pillədə qərarlaşıb.
Bu görüşlə eyni vaxtda Gəncə şəhər stadionunda "Kəpəz" və "Neftçi" komandaları münasibətlərinə aydınlıq gətirəcək. Bu qarşılaşmanı hər iki komanda üçün vacib saymaq olar. Artıq avrokuboklara vəsiqəni təmin etmiş meydan sahibləri qələbə sayəsində mükafatçılar sırasındakı mövqeyini qoruyacaqsa, Bakı klubu 3 xal qazanacağı təqdirdə AZAL - "Zirə" matçının nəticəsindən asılı olaraq bir pillə irəliləyə bilər. Cütlüyün duelində "Kəpəz" son 3 matçda uduzmayıb. "Neftçi" isə 14 ildir səfərdə məğlub olmur. 7 ev matçında qalib gəlməyən Gəncə təmsilçisi sonuncu dəfə 2002-ci ildə qonaqları məğlub edib. Hazırda "Kəpəz" 55 xalla 3-cü, "Neftçi" isə 43 xalla 7-ci pillədədir.
Günün növbəti matçında "İnter" və "Xəzər Lənkəran" komandaları qarşılaşacaq. Cənub təmsilçisi üçün bu matç elitada qalmaq uğrunda mübarizə sayılırsa, "bankirlər" mükafatçılar sırasına düşmək niyyətindədir. Rəqiblərin son 4 matçında qol vuran komanda qalib gəlir. "İnter" son 4 ev oyununda 2 və ya daha çox top fərqi ilə qələbə qazanıb. Rəqib meydanında 7 oyundur qalib gəlməyən "Xəzər Lənkəran" 5 ildir səfərdə 3 xal əldə etmir. "İnter" 53 xalla 5-ci, "Xəzər Lənkəran" 14 xalla 9-cudur.
Premyer Liqada heç bir iddiası olmayan "Sumqayıt" autsayder "Rəvan"ı sınağa çəkəcək. Bu qarşılaşma qonaq komanda üçün sonuncu pillədən qurtulma baxımından böyük əhəmiyyət kəsb edir. "Sumqayıt" isə nəticədən asılı olmayaraq hazırkı mövqeyini qoruyacaq. Cütlüyün duelində son 7 görüşdə meydan sahibi olan komanda qalib gəlməyib. "Sumqayıt" son 6 matçda uduzmayıb.
Turun və günün son oyunu Masazır qəsəbəsində yerləşən "Əlincə Arena"da keçiriləcək. 17 yaşadək futbolçular arasında Avropa çempionatı səbəbindən müvəqqəti olaraq ev oyunlarına "Azərsun Arena"da çıxmayan "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. Digər görüşlərdə olduğu kimi, burada da nəticə meydan sahiblərinin mövqeyində dəyişikliyə səbəb olmayacaq. "Qarabağ" artıq çempionluğu təmin edib və avrokuboklara vəsiqə qazanıb. Cari mövsüm qeyri-stabil oyun nümayiş etdirən "Qəbələ" isə həm digər əyarlı medallar, həm də avrokubok uğrunda mübarizə aparır. Bu səbəbdən, Roman Qriqorçukun rəhbərlik etdiyi komandaya 3 xal hava və su kimi lazımdır. Komanda qələbə sayəsində ən azı hazırkı mövqeyində qalacaq və bu da komandanın mükafatçılar sırasına düşməsə belə, avrokuboklara vəsiqə qazanması deməkdir. İki komanda arasındakı duellərdə "Qarabağ" son 4 oyunda məğlub olmayıb. Qonaq komanda olan tərəf isə 5 matçdır uduzmur. "Qəbələ" 6 görüşdür meydanı qolsuz tərk etmir. Son 4 görüşdə hər iki komanda qol vurub.