"Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadənin Sportnet.az-a müsahibəsi
- Komandanızın ardıcıl 11 oyunluq qələbə seriyası autsayder "Rəvan"la oyunda qırıldı. Çempion "Qarabağ"ın turnir cədvəlində sonuncu yerdə gedən komandaya uduzmasını nə ilə izah etmək olar?
- Bildiyimə görə, 15 oyunluq məğlubiyyətsiz seriyamız qırıldı. Çoz üzüldük. "Rəvan"la matçda oyunumuz alınmadı. Nə qədər qol imkanımız olsa da, bundan istifadə edə bilmədik. Məğlubiyyətin səbəbini baş məşqçimiz daha yaxşı bilər.
- Baş məşqçiniz Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında bildirib ki, futbolçuların ciddi yanaşmaması səbəbindən matçın axarını xeyrinizə dəyişə bilməmisiniz. Üstəlik, heyətdə az oynayan futbolçuların meydanda olması öz sözünü deyib...
- Qurban müəllim elə deyibsə, düz deyir. O, fikirlərində haqlıdır. Biz çempionatın sonunadək uğurla çıxış etmək istəyirdik.
- Bir müdafiəçi kimi buraxdığınız qolları necə şərh edərdin? Xüsusilə 2-ci qolu ki, bu, Qurban Qurbanovun kəskin etirazına, sizlərə ciddi narazılığını bildirməsinə səbəb oldu...
- İlk qolda penalti vardı-yoxdu, bunu deyə bilmərik. İkinci qolu gözlənilmədən buraxmadıq. Özümüz-özümüzə heç nədən qol yaratdıq.
- "Neftçi"də liderlərdən biri idin, kapitanlıq sarğısnı daşıyırdıın, milliyə cəlb olunurdun. Ancaq "Qarabağ"a gəlişinlə vəziyyət əksinə dəyişdi, burada əsas heyətə düşə bilmirsən. Bu komandaya gəlişinə görə peşman deyilsən?
- Mən elə fikirləşməzdim. "Qarabağ"da 20-dən az oyun keçirməmişəm. Bu da çempionat üçün az deyil. Hər şey qaydasındadır. "Qarabağ"a keçidimdə peşmançılıq yoxdur.
- Hər halda, bu komandanın müdaiənin mərkəzində güclü rəqabətin, millidə də birgə oynayan Rəşad Sadıqov - Bədavi Hüseynov duetinin olduğunu bilirdin. Nəticədə oyun praktikan az olur. Özündə geriləmə hiss edirsən?
. Futbolçu həmişə hiss etməlidir ki, nəsə çatımır və öz üzərində çox çalışmaq lazımdır. Əlbəttə, çatışmazlıqlar var və bunları yavaş-yavaş aradan qaldıracağıq. Məncə, cari mövsümdə az oynamamışam.
- "Qarabağ"la müqavilən cari mövsümün sonunda bitir?
- Yox. Hələ bir illik müqaviləm var.
- "Qarabağ"ı qarşıda "Neftçi" ilə Azərbaycan Kubokunun final gözləyir. Keçmiş komandanla matçdan nə gözləyirsən?
- Çoxları fikirləşir ki, "Qarabağ" qalib olacaq. Ancaq "Neftçi" ilə matçımız heç vaxt asan olmur. O ki qaldı finalda. Bilirik ki, çətin oyun olacaq. Futbolda hər şey ola bilər. Ona görə də finala yaxşı hazırlaşmalıyıq.