"Qarabağ" Futbol Klubunun qeyri-rəsmi "Facebook" səhifəsində maraqlı məlumat yerləşdirilib. Sportnet.az xəbər verir ki, həmin məlumatda Azərbaycan Premyer Liqasının səviyyəsi gələcəkdə də düşməyə davam edərsə, klub rəhbərliyinin Türkiyə Super Liqasında iştirak etmək üçün Türkiyə Futbol Federasiyası ilə danışıqlar aparmasının mümkünlüyü bildirilir.
Qeyd olunub ki, "Qarabağ" rəhbərliyi hər zaman komandanın güclü olmasını və Avropada ciddi uğurlar qazanmasını istəyir.
Öz növbəsində "Qarabağ"ın direktoru Əmrah Çəlikəl Sportnet.az-a açıqlamasında yazılanlardan məlumatsız olduğunu söyləyib: "Qarabağ" Azərbaycanındır, bu ölkənin futbol klubudur. Qarabağ Azərbaycanın torpağıdır. Bizim Türkiyədə və başqa yerdə nə işimiz var ki, komanda saxlayaq? Bu, gülməli fikirdir. Bizim rəhbərliyin yazılan fikirlə yaxından heç bir əlaqəsi yoxdur ki, belə bir şeylə çıxış etsin. Ona görə də bu fikri söyləmək absurddur. Biz və sponsorumuz ona görə burdayıq ki, Azərbaycana töhfə, xeyir verək. Əlbəttə, bunun qarşılığında çörəyimizi Azərbaycanda qazanırıq".
Çəlikəl "Qarabağ"ın bu mövsüm erkən və böyük xal fərqi ilə çempion olmasını da şərh edib. Onun sözlərinə görə, böyük xal fərqi ilə qalib olmaları onları sevindirir: "Sona 4 tur qalmış çempion olmağa sevinməyimiz o demək deyil ki, çempionatın səviyyəsi aşağı düşüb. Əlbəttə, bəzi komandalarda çiddi çətinliklər oldu, bəzi komandalar zəif çıxış etdi. Ancaq ümumi götürəndə, mənə elə gəlir ki, maraqlı çempionatın şahidi olduq. Bu sualı çempionatı keçirən qurumlar, futbolçular daha dəqiq cavablandıra bilər. Ancaq şəxsən mən belə düşünürəm ki, çempionat maraqsız alınmadı".
"Premyer Liqada güclü rəqabətin olmaması "Qarabağ"ın Çempionlar Liqasında çıxışına mənfi təsir göstərə bilərmi?" sualını isə "Qarabağ" rəsmisi bu cür cavablandırıb: "Belə bir şey olmaz. Əlbəttə, hər bir komandanın baş məşqçisi, texniki heyəti bu barədə lazımı tədbirləri görəcək. Ona görə ki, avrokubokların məsuliyyətini hamımız dərk edir, başa düşürük. Ən çox da məşqçilər heyətimiz. Biz onlara inanmalı və güvənməliyik".
Qeyd edək ki, Sportnet.az-ın əməkdaşı "Qarabağ" rəsmisi ilə söhbətdən az sonra həmin səhifənin silindiyinin şahidi olub.