Azərbaycan Premyer Liqasının sonuncu - 36-cı turu çərçivəısində keçirilən "Sumqayıt" - "Neftçi" qarşılaşmasından sonra qonaq komandanın baş məşqçisi Vəli Qasımovun mətbuat konfransı keçirilib. Sportnet.az xəbər verir ki, Qasımov məğlubiyyətdə AZAL-ın uduzmasının da rol oynadığını bildirib.
- Qalib gəlmək istəyirdik. Xeyli qol epizodlarımız oldu, amma istifadə edə bilmədik. Digər yandan, "Qarabağ"ın hesabda öndə olduğunu bildikdən sonra arxayınlaşdılar. Hər halda, Avropa Liqasına çıxdığımız üçün, sevinirik.
- Final oyununa hansı sürpriz etmək istəyirsiniz?
- Sürprizimiz qələbə qazanmaqdır. Əlimizdən gələni edəcəyik ki, qalib gələk.
- Avropa Liqasına vəsiqə qazandığınızı dediniz. Amma hələ CAS "İnter"lə bağlı qərarını elan etməyib...
- UEFA-nın qərarından nə isə dəyişəcəyinə inanmıram. Təki "İnter"in xeyrinə olsun. Amma qanun hamı üçün eynidir. İnanmıram ki, nə isə dəyişsin.
- Avroliqaya "Neftçi" kimin rəhbərliyi altında yollanacaq?
- Bu il Avropa Liqasında mümkün qədər irəli getməyə çalışacağıq. Mən mövsümün sonunadək komandaya kömək edəcəyəm. Avroliqaya kimin rəhbərliyi altında gedəcəyimiz Müşahidə Şurasının qərarından asılı olacaq.