"Oyundan sonra penalti epizoduna baxdım. Orada heç bir qayda pozuntusu yox idi". Sportnet.az-ın məlumatına görə, bunu "qafqazinfo"ya açıqlamasında "Rəvan"ın futbolçusu Ruslan Tağızadə "Xəzər Lənkəran"la Azərbaycan Premyer Liqasının XXXVI tur matçında özünün qazandığı penalti epizodu barədə danışarkən deyib.
O, həmin an rəqib müdafiəçi Tural Cəlilovun müdaxiləsinin penalti kimi dəyərləndirilməsini düzgün saymayıb: "İstəməzdim ki, belə olsun. Həmin an heç nə düşünmək olmur. Meydanda gərgin mübarizə gedirdi. Həmin epizodda bilmədim 11 metrlik cərimə zərbəsi var idi, ya yox idi. Kənardan daha yaxşı bilinir".
Tağızadə "Xəzər Lənkəran" azarkeşlərindən üzr istəyib: "Lənkəranlı futbolçular çox üzüldü. Bunu anlayıram. Amma məndə günah yoxdur. O penalti verilməsəydi, mən də, komanda yoldaşlarım da pis olacaqdı. Lakin oyunda bilmədim ki, 100 faiz penalti deyil. Lənkəranlı azarkeşlərdən penaltiyə görə üzr istəyirəm”.
Qeyd edək ki, Ramil Diniyevin təyin etdiyi penalti sayəsində "Rəvan" 2:2 hesablı heç-heçəyə nail olaraq, Premyer Liqada qalıb, "Xəzər Lənkəran" isə I Diviziona enib.