
"Qarabağ”ın qazandığı qızıl medalda gözüm yoxdur. Əsas odur ki, komandama xeyir verdim və biz də mövsümü mükafatçı kimi bitirdik”.
Bu fikirləri Sportnet.az-a açıqlamasında "Zirə”nin futbolçusu Elvin Məmmədov deyib. Başa çatan 2015/2016 mövsümünü "Qarabağ”da başlayan təcrübəli yarımmüdafiəçi qış fasiləsində "Zirə”yə keçib. Nəticədə Məmmədov çempionatı qızılla olmasa da, gümüş medalçı kimi başa vurub. Özü də bunu rəsmiləşdirdikləri "Kəpəz”lə ev oyununda (2:2) qollardan birinin müəllifi o olub: "Həmin qolu karyeramdakı digər qollardan fərqləndirməzdim. Mənim üçün komandamım uğur qazanması xüsusi önəm daşıyır. Əslində, gümüş medalı daha tez təmin edə bilərdik. Hər halda, çempionatın mükafatçısı olduq və bu, məni sevindirir. Eləcə də "Qarabağ”ın çempionluğu. Çünki bu komandada dostlarım, qardaşlarım var. "Qarabağ”ın kollektivi, mükafatlandırılma mərasiminin keçirildiyi "Azərsun Arena”, oradakı ab-hava mənə doğmadır. Artıq mən başqa komandanın uğurları üçün çalışıram”.
Məmmədov, qazandığı medalların sayı dəqiq yadında qalmasa da, onları xatırlayır: "Bilirəm ki, bu, Azərbaycan çempionatında 2-ci gümüş medalımdır. Birincini "İnter”lə qazanmışdım. Elə karyeramdakı hələ ki yeganə qızıl medal da bu komanda ilə bağlıdır. Azərbaycan Kubokunun finalında, Çempionlar Liqasında da "İnter”lə iştirak etmişəm. Bu, tarixdə qalan növbəti medalım odu. Məni əsas ona görə sevindirir ki, "Zirə”nin Premyer Liqanın debüt mövsümündə buna nail olduq”.
28 yaşlı futbolçu "Zirə” ilə cari mövsümün sonunadək anlaşdığından, müqaviləsi bitib. Yeni müqavilə təklifi alan Məmmədov digər variantları da nəzərdən keçirərək yaxın günlərdə seçimini edəcək. İstənilən halda, o, "Zirə”nin növbəti mövsümdə daha iddial olacağına inanır: "Zirə” yeni komandadır və yüksək liqada ilk ilində uğur qazana bildi. Yəqin ki, növbəti mövsümdə daha böyük diqqət göstərərlər. Niyə də ən azı builki uğurumuzu təkrarlamayaq? Niyə avrokuboklara getməyək? Bu il Avropa Liqasına vəsiqə qazansaq da, çıxış edə bilməyəcəyik. İnanıram ki, komanda gələn il buna nail ola biləcək. Əsas odur ki, yaxşı futbol göstərək”.