"Təəssüratlarım çox xoşdur. Çempion olanda bəlkə bu qədər sevinməmişdik". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, çempionluğa uzun yol getdiklərindən, ən yaxın izləyicisi ilə xal fərqinin böyük olması öz sözünü deyib: "Bu dəfə final idi və 120 dəqiqədə gərgin oyun getdi. Çox sevinirik ki, sonda qələbə qazandıq. Əsl finala layiq oyun oldu. Gərgin mübarizə getdi. Rəqib təslim olmaq istəmirdi. Çoxsaylı hücumlar etdik, çoxsaylı qol epizodlarımız oldu. "Neftçi"nin qapıçısı Aqil Məmmədov möhtəşəm durdu. Sarı, qırmızı vərəqələr oldu. Bir sözlə, əsl derbiyə layiq oyun oldu. "Neftçi” – "Qarabağ” duleu həmişə maraqlı, gərgin keçir".
Sadıqov bir qədər ehtiyatlı oynamalarını təsadüfi saymır: "Çünki son vaxtlar "Neftçi çox yaxşı formada idi. Vəli Qasımovun gəlişindən sonra komanda yüksəlişdədir. Bir səhv final oyununun taleyini həll edə bilərdi".