"Xəzər Lənkəran" dağıldı. Bir cənub klubunun 12 illik macərası mayın 27-də sona çatdı. Amma özü ilə yaşılı saralmayacaq elə izlər buraxdı ki...
Bu komanda yarandığı gündən oyunçuların qiyməti kəskin bahalaşdı. Bu gün cah-cəlal içində yaşayan, aldıqları pula dəyən və dəyməyən futbolçular məhz "Xəzər Lənkəran”ın yaranmasına borclu olmalıdırlar. Yoxsa yəqin ki, futbolçuların müqavilə qiymətləri bu dərəcədə baha olmayacaqdı.
Mübariz Mənsimov çox baha qiymətə oyunçuları klubuna transfer etdi. Digər klublar da rəqabətə davam gətirməkdən ötrü məcbur olub oyunçulara eyni məbləği ödəməli oldular. Nəticədə futbolçular bahalaşdı. Düzdür, bunun xeyrindən çox bəlkə də ziyanı oldu. Çünki əksər futbolçuların qəfildən varlanması onların özlərini harınlıq həddinə çatdırdı. Belədə onlar heç kimi saymadı, adam döydürtdülər, maşınla adam tapdaladılar, jurnalisti "razborka”ya çağırdılar və ölümünə səbəb oldular.
Amma eyni zamanda qeyd etməliyik ki, bunların təqsiri "Xəzər Lənkəran"da, yaxud onun prezidentində deyil. Mənsimov bunları yaxşı niyyətlə etmişdi. Hesab etmişdi ki, futbolçusuna pul ödəməklə onun yaxşı yaşamasını təmin edir. Futbolçu da bunun qarşılığını oyunda verər. Qarşılığın verilib-verilməməsi başqa mövzudur.
"Xəzər Lənkəran” Azərbaycan futboluna azarkeş verdi. Məhz bu azarkeşlər oğul-uşaq yox, əsl fanatlar idilər. Bu klubla eyni vaxtda və ondan əvvəl yaranan komandaların azarkeşlərinin əksəri məktəb yaşındakı uşaqlar idi. Amma "Xəzər Lənkəran” demək olar ki, bütün cənub zonasındakıları işini-gücünü atıb özünü futbola həsr edən azarkeşə çevirdi. Bu səbəbdən də onların oyununa gedəndə insan özünü əsl futbola baxırmış kimi hiss edirdi.
"Xəzər Lənkəran” "Böyük oyun” adlanan Neftçi ilə qarşıdurmanı verdi. Bu oyunlarda Avropadakı qarşılaşmalardakı kimi, oyundan bir həftə öncə müzakirələr gediridi, azarkeşlər bir-birinə atmacalar atırdı, oyundan sonra mübahisələr olurdu. Müzakirələr yenidən qızışırdı. Məhz futbol bu halları ilə gözəldir.
Ən nəhayət, "Xəzər Lənkəran” Azərbaycan çempionatını az da olsa, Premyer Liqaya oxşatdı.
"Xəzər Lənkəran”ın getməsi nə verəcək? Bunun cavabı qısadı. Heç nə.
Bəs onda bu komandanın getməsi futbolumuzdan nə alacaq? Çox şey. Gəlin baxaq:
Bölgə komandalarından biri azalacaq;
Belə azarkeşlər yəqin ki, olmayacaq;
"Böyük oyun” olmayacaq. Uzun illər bu oyunların yeri görünəcək.
Təkcə bununla iş bitmir.
Bu gediş çempionatı məhvə aparır. Hərçənd, elə aparsa yaxşıdır. Hər şey uğurlu şəkildə yenidən qurulsun deyə.
Dağıtmağa nə var ki...
RAQİB