Bu gün "Neftçi"nin Müşahidə Şurasının iclası keçirilib. Bu haqda Sportnet.az-a məlumat verən şuranın üzvü Səməd Qurbanov əsas müzakirə mövzusunun komandanın ötən mövsümün çıxışı olduğunu bildirib. Onun sözlərinə görə, Avropa Liqasına çıxan "ağ-qaralar"ın çıxışı qənaətbəxş sayılıb.
Qurbanov Müşahidə Şurasında yeni baş məşqçi təyinatı haqda müzakirə olmadığını bildirib: "Bu gün Müşahidə Şurasının sədri Çingiz Abdullayevin sədrliyi ilə toplantımız oldu. Baş məşqçimiz Vəli Qasımov toplantıda iştirak etmirdi. Onun postundan getməsi haqda konkret söhbət olmadı. Qasımov hələ ki vəzifəsində qalır. Ona şans verilib. Hər halda, komandanı Avropa Liqasına Vəli müəllim çıxardı və ona şans verilməlidir. "Neftçi"nin Avropa Liqasında Qasımovun rəhbərliyi altında yaxşı çıxış edəcəyinə inanırıq".
Xatırladaq ki, 47 yaşlı Vəli Qasımov martda baş məşqçi postunda təcrübəli həmkarı, Müşahidə Şurasının sabiq üzvü Əsgər Abdullayevi əvəzləyib.