"Bizi Premyer Liqaya dəvət etsələr, oynaya bilərik. Bütün sənədlərimiz hazırdır. Sadəcə, maddi məsələ, bank təminatı var ki, onu həll etməyimiz qalıb”. Bu fikirləri Sportnet.az-a açıqlamasında "Turan Tovuz”un Müşahidə Şurasının sədri Oqtay Abdullayev deyib.
Veteran futbolçu AFFA-nın Lisenziyalaşdırma Qrupunun qərarından xəbərsiz olduğunu bildirib. Abdullayev sponsor məsələsinin tam həllini gözlədiklərini söyləyib: "Mən danışmışam, bir sponsor var. Sadəcə, adını çəkmək istəmirəm. Bundan sonra məsələmiz dəqiqləşəcək. Neçə vaxtdır axtarışdaydıq. Deyən çoxdur, ancaq təsdiqi lazımdır. Bu məsələ həllini tapmaq üzrədir. Bir həftəyə söz veriblər”.
Müşahidə Şurasının sədri lisenziyalaşdırmanın vaxtının uzadılacağını gözlədiklərini bildirib: "Bizə demişdilər ki, lisenziyalaşdırmanın vaxtını iyunun 15-dək uzadacaqlar. Ona görə də gözləyiri ki, bizi dəvət edəcəklər. Sadəcə, AFFA-nın Nizamnaməsi var. Kim birinci yeri tutdu, ilk olaraq onları dəvət edəcəklər. Onlar lisenzyalaşdırmadan keçə bilməsələr, bizə müraciət edəcəklər. Ola bilər ki, dəvət etməyiblər”.