"Qarabağ" bu gündən Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümünün hazırlıqlarına start verir. Sportnet.az-ın məlumatına görə, komanda bu gün Bakı-İstanbul-Münhen reysi ilə Avstriyaya yola düşüb.
Heyətin axşam saatlarında otelə çatacağı gözlənilir. Komanda son iki ildə olduğu kimi Almaniya – Avstriya sərhədində yerləşən Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Avstriyada təlim-məşq toplanışında dörd yoxlama oyunu keçirəcək. Yoxlama oyunlarından ikisinin keçirilmə tarixi məlumdur. Komanda iyunun 25-də yerli "Vakker" və iyunun 28-də dördqat Rusiya çempionu "Zenit"lə qarşılaşacaq.














































































