"Kəpəz" avrokuboklarda ilkə imza atıb. Sportnet.az-ın məlumatına görə, Gəncə klubu qitəmiqyaslı turnirlərdə ilk dəfə heç-heçə edib. Bu, Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın "Daçiya" klubu ilə matçda olub - 0:0.
Nizami yurdunun təmsilçisi bunadək keçirdiyi 10 oyundan 9-da uduzmuş, 1-də qalib gəlmişdi. İlk heç-heçə 11-ci matçda qeydə alınıb. "Kəpəz" avrokuboklarda ardıcıl 3-cü oyundur qol vura bilmir. Gəncəlilər sonuncu dəfə rəqib qapısına 17 il öncə Çempionlar Liqasında Makeodniyanın "Sloqa Yuqomaqnat" klubu ilə Tofiq Bəhramov adına Respublika stadionundakı cavab matçında (2:1) yol tapıb. Buna həmin vaxt "Kəpəz"də oynayan, sonradan isə onun baş məşqçisi olan Vidadi Rzayev 90-ci dəqiqədə penaltidən imza atıb.
"Daçiya"nın isə avrokuboklarda heç-heçələri çoxdur. Bunlardan 2-si elə "Bakı" ildə 2007-ci ildə İntertoto kuboku matçlarında olub - 1:1. Onda Kişinyov təmsilçisi omnda oyunsonrası penaltilərlə qalib olmuşdu. Göründüyü kimi, "Daçiya"nın klublarımızla görüşləri hələ ki bərabərliklə nəticələnir.
Onu da bildirək ki, Azərbaycan 1994-cü ildən təmsil olunduğu avrokuboklarda ilk dəfə mövsümə qolsuz bərabərliklə başlayıb. Düzdür, 6 il öncə "Xəzər Lənkəran" da Avropa Liqasında 0:0-la start götürüb. Ancaq Moldovanın "Olimpiya" klubu ilə matç səfərdə olmuş və ən əsası, həmin vaxt 2 klubumuz eyni saatda mübarizəyə başlamışdı. Digəri Makedoniyanın "Metallurq" klubuna mərkəzi arenada 4:1 hesabı ilə qalib gələn "Qarabağ" olmuşdu.