Futbol üzrə Avropa çempionatında Almaniya və İtaliya yığmaları arasında keçiriləcək 1/4 final matçının hakimləri açıqlanıb. Sportnet.az-ın məlumatına görə, iyulun 2-də Bordo şəhərindəki eyniadlı stadionda baş tutacaq qarşılaşmanı macarıstanlı referi Viktor Kaşşai idarə edəcək.
Ona həmyerlilərindən Dördj Rinq və Velsel Tot yan xətt, Tamaş Boqnarla Adam Farkaş əlavə köməkçi-hakimlər qismində yardımçı olacaqlar. Polşalı Şimon Martsinyak dördüncü hakim, Pavel Sokolniçki ehtiyat köməkçi-hakim funksiyasını yerinə yetirəcək. Şotlandiyalı Hyu Dallas hakim-inspektor, Martin Sturkenbum UEFA nümayəndəsidir. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Qeyd edək ki, Viktor Kaşşai AVRO-2016-da bunadək Fransa - Rumıniya (2:1) və İtaliya - İsveç (3:0) görüşlərinin də baş hakimi olub. O, 7 sarı vərəqə göstərib və Fransanın qapısına penalti təyin edib.