Estoniyalı futbolçu Sergey Zenyov ötən yaydan şərəfini qoruduğu "Qəbələ"nin heyətində avrokuboklarda 3-cü qolunu vurub. Sportnet.az-ın məlumatına görə, milli komandanın üzvü yenə Avropa Liqasında, yenə "Bakcell Arena"da fərqlənib. Budəfəki qol turnirin I təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubuna 5:1 hesabı ilə qalib gəldikləri matçda olub.
Zenyov "qırmızı-qaralar"da qol hesabını ötən mövsüm turnirin ikinci təsnifat mərhələsində Serbiyanın "Çukariçki" klubu ilə cavab oyununda etdiyi dublla açmışdı - 2:0. Hesabına 3-cü qolu yazan Sergey bombardir, keçmiş komanda yoldaşı Dodoya lap yaxınlaşıb. "Qəbələ"nin braziliyalı sabiq kapitanı 4 qoldan yarısını pley-off, yarısını qrup mərhələsində vurub.
Zenyov Dodonun yeganə ən yaxın izləyicisi deyil. Çünki liberiyalı yeni transfer Teo Uiks gürcülərlə maçda het-trik müəllifi olub. "Qəbələ"nin digrə sabiq kapitanı Cavid Hüseynov da avrokuboklarda 3 dəfə fərlqənib. Bunlar "Dinamo"yla Tiflisdə və Kipr APOEL-i ilə hər 2 matçda gerçəkləşib. Yeri gəlmişkən, "Qəbələ"nin avrokuboklarda ilk qolunun müəllifi məhz Caviddir. Göründüyü kimi, 3 futbolçu 3 qolla "qırmızı-qaralar"ın avrokuboklarda ən sərrast oyunular sıralamasında 2-4-cü yerləri bölüşdürüblər.
"Samtredia"yla oyunda hesabı açan "Qəbələ"nin serbiyalı müdafiəçisi Vojislav Stankoviç ölkəmizdə karyerası dövründə avrokuboklarda ilk dəfə fərqlənib. O, bunadək "İnter"də oynayıb. "Neftçi"dən Maltada "Baltsan"a qol vuran futbolçular - yarımmüdafiəçi Rəhman Hacıyevlə hücumçu Ruslan Qurbanov da qitəmiqyaslı turnirlərdə qol hesablarını açıblar.