
"Qəbələ" ardıcıl 3-cü mövsümdür çıxış etdiyi Avropa Liqasında 2-ci dəfə 1:1 hesablı heç-heçə edib. Sportnet.az-ın məlumatına görə, həmin nəticə yenə Avropa Liqasının III təsnifat mərhələsinin səfərdə keçirilən ilk oyununda olub.
Roman Qriqorçukun komandası ötən il Kiprdə "Apollon"la 1:1 hesablı bərabərliyə qalmışdı. Bu dəfə isə həmin nəticə Fransanın "Lill" klubu ilə səfər matçında qeydə alınıb. Fərq ondadır ki, Kiprdə hesabı ilk hissədə rəqib açmış, biz fasilədən sonra bərabərlik qolunu vurmuşduqsa, Fransada bunun əksi olub.
Qeyd edək ki, bu, "Qəbələ"nin avrokuboklarda yubiley - 20-ci oyunu olub. Bütün matçlar Avropa Liqasında keçirilib. Onlardan 5-də qələbə, 6-da heç-heçə, 9-də məğlubiyyət qeydə alınıb (topların fərqi 21-26).