Azərbaycan və İsveç klubları avrokuboklarda 3-cü dəfə rəqib olublar. Sportnet.az-ın məlumatına görə, ilk qarşılaşma da məhz "Qarabağ"la, məhz Avropa Liqasında olub.
Bu, 2013/14 mövsümündə turnirin III təsnifat mərhələsində "Gefle" klubu ilə dueldir. Ağdam klubu 2013-cü ilin avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən ilk oyunda 89-cu dəqiqədə braziliyalı hücumçusu Reynaldo Silvanın vurduğu qolla 1:0 hesabı ilə qalib gəlib. Bundan 1 həftə sonra İsveçdə keçirilən cavab oyunu "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə nəticələnib. Qolların müəllifləri braziliyalı legionerlər - 41-cü dəqiqədə yarımmüdafiəçi Çumbinyo, 50-ci dəqiqədə Reynaldo olub.
Bundan sonrakı mövsüm "İnter" Avropa Liqasının II təsnifat mərhələsində "Elfsborq"a rəqib olub. Bakı təmsilçisi 2014-cü ilin iyulun 17-də səfərdə keçirilən ilk matçda makedoniyalı yarımmüdafiəçi Slavço Georgiyevskinin vurduğu qolla 1:0 hesablı qələbə qazanıb. Bir həftə sonra "İnter Arena"da keçirilən cavab oyununda isveçlilər 45+1-cü dəqiqədə Sebastyan Holmenin 45+1-ci dəqiqədə vurduğu qolla qalib gəlib. Özü də həmin matçda "İnter" gürcü müdafiəçisi Laşa Salukvadze birbaşa qırmızı vərəqə aldığına görə oyunun demək olar bütün hissəsini azlıqda keçirməli olub.
Cütün qalibini müəyyənləşdirmək üçün əlavə vaxt da nəticəsiz qalıb. Oyunsonrası penaltilərdə rəqib 4:3 hesabı ilə qələbəni bayram edib. Həmin vaxt "İnter"in şərəfini qoruyan, bu yay isə "Qarabağ"a keçən müdafiəçi Arif Daşdəmirovun qeyri-dəqiq zərbəsi həlledici olub.
Xatırladaq ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində İsveçin "Göteborq" klubu ilə ilk matçını avqustun 18-də səfərdə, cavab matçını avqustu 25-də evdə keçirəcək.