"Qarabağ” Qurban Qurbanovun baş məşqçiliyi vaxtında ilk dəfə çempionata məğlubiyyətlə başlayıb. Sportnet.az-ın məlumatına görə, bu, 2008-ci ildən bu yana 9-cu mövsümdə ilk dəfə qeydə alınıb. Həmin məğlubiyyət avqustun 7-ddə "İnter"lə səfər matçında 1:2 hesabı ilə olub. Özü də meydan sahibləri yeni transferi Ruslan Abışovun debüt oyununda 5 dəqiqəyə (70 və 75-ci dəqiqələr) etdiyi dublla əzmkar qələbə qazanıblar.
Düzdür, Ağdam təmsilçisi 2 il öncə də ilk turda məğlub olub. Ancaq məsələ ondadır ki, Qurban Qurbanovun komandası "Sumqayıt”la həmin səfər matçında 3:0 hesabı ilə qalib gəlmişdi. Ancaq "Qarabağ” oyunun ikinci hissəsi zamanı əvəzetmə zamanı legioner limitini pozduğuna, həmin anda meydanda nəzərdə tutulan artıq – 7 legioner olduğuna görə qonaqlara AFFA İntizam Komitəsi tərəfindən 0:3 hesablı texniki məğlubiyyət verildi. Yəni oyuna görə ağdamlılar qalib olsalar da, diqqətsizliyin cəzasını çəkdilər.
Bu dəfə isə Qurban Qurbanovun komandası oyunda uduzub. Ümumiyyətlə, "Qarabağ”ın bu 8 ildə ilk matçlarına baxsaq, rəqibin tez-tez "İnter” olması diqqət çəkir. Özü də həmin qarşılaşmalar bir qayda olaraq "İnter Arena”da (əvvəlki "Şəfa” stadionu) olub. Maraqlıdır ki, 4 il öncə həmin stadionda "İnter” erkən qolla hesabı açsa da, "Qarabağ” sonradan 2 qol vuraraq 2:1 hesablı əzmkar qələbə qazanıb.
2010/11 mövsümündə "Qarabağ”ın ilk turlarda oyunları təxirə saldığından, çempionata sentyabrın 14-də Sumqayıt "Standard”ı ilə 4-cü turun matçı ilə başlayıb. Qurban Qurbanovun "Qarabağ”da debütü isə 2008/09 mövsümünü ilk turunda – "Bakılı” ilə səfər oyununda olub. Ağdam təmsilçisi 2008-ci ilin avqustun 9-da keçirilən həmin görüşdə də 2:1 hesabı ilə qalib gəlib. "Qarabağ”ın 44 yaşlı baş məşqçisinin vaxtında çempionatda mübarizəyə daha çox səfərdə başlaması diqqət çəkir.
Qurban Qurbanovun komandası son vaxtlar ümumiyyətlə, qələbə üzünə həsrət qalıb. Bu, Çempionlar Liqasını (ÇL) da nəzərə alsaq, artıq 4 oyuna çatıb ki, "Qarabağ” az hallarda bu qədər müddət qalib gələ bilməyib. Ağdam klubu yeni mövsümə ÇL-in II təsnifat mərhələsində Lüksemburqun "Düdelanj” klubuna Tofiq Bəhramov adına Respoublika stadionunda 2:0 hesabı ilə qalib gəlməklə başlayıb. İyulun 12-də keçirilən həmin oyundan sonra turnirdə 3 matç keçirən Qurban Qurbanovun komandası hamısında heç-heçə edib. Bu, Lüksemburqdakı cavab oyununda 1:1 hesabı ilə olub. Turnirin III təsnifat mərhələsində Çexiyanın "Viktoriya” klubu ilə matçlarda isə səfərdə 0:0, evdə 1:1 hesablı bərabərlik qeydə alınıb. Son nəticə "Qarabağ”ı ÇL-də mübarizədən kənarda qoyaraq Avropa Liqasının pley-offuna yollayıb. Orada İsveçin "Hpteborq” klubu ilə üzləşəcək Qurban Qurbanovun yetirmələri bunadək avqustun 11-də çempionatda II turda "Sumqayıt”la səfər matçını keçirəcək.
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun vaxtında çempionatda ilk oyunları
2008/09 mövsümü
"Bakılı” – "Qarabağ” – 1:2
2009/10 mövsümü
"Qarabağ” – "Standard” (Sumqayıt) – 1:0
2010/11 mövsümü
"Neftçi” – "Qarabağ” – 1:1
2011/12 mövsümü
"İnter” – "Qarabağ” – 1:1
2012/13 mövsümü
"İnter” – "Qarabağ” – 1:2
2013/14 mövsümü
"Sumqayıt” – "Qarabağ” – 0:3 (3:0 hesablı texniki qələbə)
2014/15 mövsümü
"Qarabağ” – "Araz Naxçıvan” – 4:0
2015/06 mövsümü
"Qəbələ” – "Qarabağ” - 2:2
2016/17 mövsümü
"İnter” – "Qarabağ” – 2:1
Mehman Süleymanov
Yazı AFFA-nın yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb