Fransalı hücumçu Baqali Dabo "Qəbələ"nin heyətində avrokuboklarda qol hesabını açıb. Sportnet.az-ın məlumatına görə, 28 yaşlı legioner bunu Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın "Maribor" klubu ilə "Dalğa Arena"da 3:1 hesabı ilə qalib gəldikləri ilk oyunda dublla gerçəkləşdirib. Ona bunun üçün cəmi 2 dəqiqə (50 və 52-ci dəqiqələr) kifayət edib.
Dabo bu yay debüt etdiyi "qırmızı-qaralar"da Avroliqada məhsuldar ötürmələrin çoxluğu ilə UEFA-nın da diqqətini çəksə də, rəqib qapısına yol tapa bilmirdi. Nəhayət, bu, reallaşıb və özü də 2 qol birdən gəlib. Bununla Dabo "Qəbələ"də avrokuboklarda qol vuran 11-ci futbolçu olub. Onun kimi avrokuboklarda 2 qol vuran "qırmızı-qaralar"ın futbolçu isə yayda gələn xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçdir. Fərq ondadır ki, o, qollarını ayrı-ayrı matçlarda vurub.
Dabo "Qəbələ"də qol hesabını Premyer Liqamızda debüt matçında "Kəpəz"ə vurub - 2:0. Bu matçın da "Dalğa Arena"da keçirildiyini nəzərə alsaq, bu stadion Baqaliyə düşərldiir. Özü də hücumçu məhz həmin qapıya yol tapması ilə diqqət çəkir.
Onu da bildirək ki, bunadək "Qəbələ"də avrokuboklarda dubl edən də bu gün "Dalğa Arena"da fərqlənib. O, "Maribor"la matçda hesabı açan Sergey Zenyovdur. Estoniyalı hücumçu ötən yay Avropa Liqasının II təsnifat mərhələsində Serbiyanın "Çukariçki" klubu ilə "Bakcell Arena"dakı matçda dubl edib və 2:0 hesablı qələbədə böyük pay sahibi olub.
Mehman Süleymanov