"Qəbələ" Azərbaycanın avrokuboklar tarixində növbəti ilkə imza atıb. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar" Avcropa Liqasının təsnifat mərhələsində hər 4 ev oyununda qalib gələn ilk klub kimi futbol tariximizə düşüb. Bu tarixi nəticə Sloveniyanın "Maribor" klubu üzərində 3:1 hesablı qələbə ilə reallaşıb.
Roman Qriqorçukun komandası ötən il də bu qədər irəliləsə, ilk 3 ev oyununda qalib gəlsə (Tiflis "Dinamo"su 2:0, Serbiya "Çukariçki"sinə 2:0, Kipr APOEL-inə 1:0) də, pley-off bu seriya qırılmışdı. Belə ki, qəbələlilər Yunanıstanın "Panatinaikos" klubu ilə qolsuz bərabərliyə qalmışdı.
"Qırmızı-qaralar" bu dəfə hər 4 ev oyununda qalib gələ bilib. Yenə startda rəqib gürcülər olub - "Samtredia" üzərində 5:1 hesablı qələbə. Ardından Macarıstan MTK-ini 2:0, Fransa "Lill"ini 1:0 hesabı ilə məğlub etmək mümkün olub. Nəhayət, sonda "Maribor" üzərində əzmar qələbə ilə rekorda imza atılıb.
Bunadək "Qəbələ" ilə yanaşı, yalnız "Qarabağ" turnirin təsnifat mərhələsi oyunlarının hamısında çıxış edib. Ancaq Qurban Qurbanovun komandası 4 ev oyununda ən yaxşı halda 3-də qalib gəlib. Bu, 2010/11 (Makedoniya "Metallurq"u 4:1, Şimali İrlandiya "Portadaun"u 2:1, Polşa "Visla"sı 3:2, Dortmund "Borussiya"sı 0:1) və 2013/14 mövsümlərində (Makedoniya "Metallurq"u 1:0, Polşa "Pyast"ı 2:1, İsveç "Gefle"si 1:0, Frankfurt "Ayntraxt"ı 0:2) olub. Göründüyü imi, hər 2 halda əngəl almanlar olub.
Qeyd edək ki, "Qəbələ" 2014-cü ildən fasiləsiz çıxış etdiyi avrokubklarda yalnız Avropa Liqasında mübarizə aparıb. Komanda rəqiblərini 3 məkanda - Qəbələ şəhər stadioinunda və paytaxtda "Bakcell Arena" ilə "Dalğa Arena"da keçirib. Qrup mərhələsini də nəzərə alsaq, 12 ev oyunundan ilk 2-si doğma stadionda, 9-u 8-ci kilometr və 1-i Mərdəkan qəsəbəsindəki arenada olub. "Qırmızı-qaralar" həmin rekordunu də məhz "Dalğa Arena"da debütündə reallaşdırıb.
Mehman Süleymanov
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb