"Oyun normal keçdi. Ancaq ələ düşən imkanlardan istifadə aşağı səviyyədə idi".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin San Marino ilə səfərdə keçirdiyi 2018-ci il dünya çempionatının seçmə qrup matçını canlı izləyən AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib.
O, millinin gələcəkdə daha yaxşı oyun sərgiləyəcəyinə inam ifadə edib: "Ümumilikdə, dörd yüzfazilik qol şansı oldu. Ancaq istifadə edə bilmədik. Bu tsikldə ilk oyundur və inanıram ki, gələcəkdə daha yaxşı çıxış edəcəyik. Nəticə yaxşı idi, amma oyundan baxımından komanda zəif çıxış etdi. Bundan sonrakı rəqiblər San Marino kimi olmayacaq. Norveç, Çexiya, Almaniya kimi komandalara qarşı oynamaq o qədər də asan deyil".
Baş məşqçiyə də narahatlığını çatdırdığını deyən R.Abdullayevin fikrincə, R.Prosineçki gələcəkdə müəyyən taktiki dəyişiklikər edə bilər: "Yanımda Norveç və Çexiyadan olan nümayəndələr oturmuşdular. Baş məşqçi ilə danışdım. O, nəticədən razı qaldığını və qol epizodları üzərində daha çox işləyəcəklərini bildirdi. Bu oyunla qrupda nələr edəcəyimizi deyə bilmərəm. Əsas odur ki, millimizin ehtiyat oyunçular skamyası genişdir. Bu da yaxşı rəqabət yaradır".
Qeyd edək ki, Azərbaycan millisi səfərdə San Marinoya qalib gəlib - 1:0. Yeganə qolu 45-ci dəqiqədə Ruslan Qurbanov vurub.