Viktor İqbekoyi bir neçə göstəricidə liderlik edir
Sportnet.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqaməti üzrə "1992-2016-cı illərdə keçirilən Azərbaycan çempionatlarında çıxış etmiş legionerlərlə bağlı statistik məqamların üzə çıxarılması” layihəsində silsilə yazılarını davam etdirir. Səkkinci yazımız Afrika, Asiya, Avstraliya və Okeaniyadan olan futbolçuların ölkəmizə axınına baxışla bağlıdır.
Arif Mirzəyevlə başlayan yol
Azərbaycan milli çempionatında cari mövsümədək bu 3 qitənin 24 ölkəsindən 135 futbolçu oynayıb. Əslində, Avstraliya və Okeaniyanın yeganə təmsilçisi də Asiyada çıxış edən Avstraliyanı təmsil edir. Bu, 2008/09 mövsümündə 3 oyun keçirən müdafiəçi Con Tamburasdır.
Dörd Asiya ölkəsindən 19 futbolçu çıxış edib. Ən çox təmsilçisi olan Türkmənistandır – 14 nəfər. Afrikanın 19 ölkəsindən 115 futbolçu oynayıb. Bunlardan ən çox Nigeriyadan oyunçudur – 27 nəfər. Kamerun 13, Sterra-Leone 11 futbolçu ilə milli çempionatımızda təmsil olunub.
Milli çempionatımızda ilk asiyalı futbolçu Arif Mirzəyev olub. Türkmənistanlı yarımmüdafiəçi başa çatmayan 2001/02 mövsümündə "Neftçi”də 3 oyun keçirib. İlk afrikalıar bundan sonra – 2003/04 mövsümündə "Bakılı”da olublar. Özü də bunlar 4 nəfər - Akinsaya Abiodin, Cud Aqu Aloçukvu, Emmanuel Ode və Kinqsli Ukusaredir.
250 oyun sayına bu çempionatda çatan afrikalı
100 oyun sayını keçən afrikalılar–asiyalılar arasında liderlər yarımmüdafiəçilər - müvafiq olaraq nigeriyalı Viktor İqbekoyi ilə türkmənistanlı Nazar Bayramovdur. İqbekoyi 247 oyun keçirməklə bu 3 qitə üzrə rekorçudur. Yeri gəlmişkən, Viktor artıq bu çempionatda oyun sayını 250-ə çatdıra bilib. İqbekoyinin həmyerlisi Usim Nduka (208) ilə seneqallı Viktor Mendidir (112) liderlər sırasındadır. Nazar Bayramovla malili Sadio Tounkaranın hesabında 105 oyun var. Mərakeşli Zohair Benouahi 104, qvineyalı Abdulkader Kamara 104, nigeriyalı Əhməd Ticani 102 oyun keçirib.
İqbekoyi eyni zamanda ən məhsuldar futbolçudur. Onun cari mövsümədək hesabında 47 qol var. Viktorun qol sayında ən yaxın izləyicisi isə asiyalı, türkmənistanlı hücumçu Bahodir Nasimovdur.
20-dən çox qol vuranlar
1. Viktor İqbekoyi (Nigeriya, Afrika) – 47
2. Bahodir Nasimov (Tükmənistan, Asiya) – 38
3. Yakuba Bamba (Fil Dişi Sahili, Afrika) – 37
4. Əhməd Ticani (Nigeriya, Afrika) – 34
5. Viktor Mendi (Seneqal, Afrika) – 29
6. Zohair Benouahi (Mərakeş, Afrika) – 25
7. İssa Nikiema (Burkina-Faso, Afrika) – 22
8. Julius Vobay (Syerra-Leone, Afrika) – 20
Bir klubda ən çox oyun keçirən isə Usim Ndukadır. Milli komandamızın da üzvü olmuş nigeriyalı müdafiəçi 208 matçın hamısını AZAL-da keçirib.
İqbekoyi mövsüm sayında da mütləq rekordçusudur. O, 2006-cı ildən bu yana fasiləsiz milli çempionatımızın iştirakçısıdır.
Ən çox mövsüm keçirənlər
1. Viktor İqbekoyi (Nigeriya, Afrika) - 10
2. Usim Nduka (Nigeriya, Afrika) – 8
3. Xalidu Sissoko (Seneqal, Afrika) – 7
4. Yakuba Bamba (Fil Dişi Sahili, Afrika) – 6
5. Nazar Bayramov (Türkmənistan, Asiya) – 6
6. Bəşir Müqədi (Tunis, Afrika) - 6
İqbekoyi ən çox klub dəyişənlər arasında da liderdir. Ötən mövsümdən "Zirə”nin şərəfini qoruyan 30 yaşlı legioner bunadək "Turan”, "Qarabağ” və AZAL-da oynayıb. Viktorun həmyerlisi, müdafiəçi Erik Obidike də 4 klubumuzda forma geyinib.
Ən çox klub dəyişənlər
1. Viktor İqbekoyi (Nigeriya, Afrika) - 4
2. Erik Obidike (Nigeriya, Afrika) - 4
3. Samuel Barlay (Syerra-Leone, Afrika) - 3
4. Pathe Banqura (Qvineya, Afrika) - 3
5. Salif Ballo (Mali) - 3
Bu 3 qitənin legionerləri arasında 5-i qapıçıdır. Bunlarda rekordçu 92 oyuna 55 qol vuran seneqallı Xalidu Sissokodur. DÇ-2002-in iştirakçısı olan qapıçı yalnız "Bakı”da oynayıb.
Afrika – Asiya – Okeaniyadan olan qapıçılar
1. Xalidu Sissoko (Seneqal, Afrika) – 92 (-55)
2. Saliou Diallo (Qvineya, Afrika) – 50 (- 84)
3. Oleq Belyakov (Özbəkistan, Asiya) – 30 (-17)
4. Pavel Xarçik (Türmənistan, Asiya) – 18 (-20)
5. Səid Saladoye (Nigeriya, Afrika) – 5 (-8)
Avtoqollar cəmi 4 dəfə olub ki, bunun yarısı Usim Ndukanın payına düşür. Toqolu müdafiəçi Dare Nibombe ilə qvineyalı yarımmüdafiəçi Abdulkader Kamara hərəyə 1 dəfə öz qapılarına yol tapıblar.
Bahodir Nasimovla Xalidi Sissokonun özəllikləri
Çempionluq sayında lider Bahodir Nasimovdur. Özbəkitan milli komandasının da üzvü olmuş 29 yaçlı hücumçu qızıl medallarının hamısını "Neftçi”də qazanıb. Bunlar 2011-ci ildən başlayaraq ardııcl 3 mövsüm olub. Xalidu Sissoko isə 2006 və 2009-cu illərdə "Bakı” ilə Premyer Liqamızın qalibi olub. Yeri gəlmişkən, Sissoko hər 3 əyarı olan yeganə afroasiyalıdır. Bu, 2 qızılla yanaşı, "Bakı” ilə 2009/10-da gümüş, 2006/07-də bürünc medal olub.
Gümüş medal sayında lider Emeka Oparadır. Nigeriyalı hücumçu ardıcıl 3 mövsüm bu əyarlı mükafatı qazanıb. Bu, 2010/11 və 2011/12 mövsümlərində "Xəzər Lənkəran”la, 2012/13-də isə "Qarabağ”la olub. Julius Vobay Emeka Opara ilə birgə "Xəzər Lənkəran"da 2 dəfə gümüş medalçı olub.
Bürünc medalda rekordçu isə İbrahima Niassedir. Seneqallı yarımmüdafiəçi 2012-ci ildən başlayaraq ardıcıl 3 mövsüm mükafatları sıralayıb. Bu, ilk 2 dəfə "İnter”də, sonra "Qəbələ"də olub. Onun həmyerlisi, hücumçu Viktor Mendi 2013/14 və 2014/15 mövsümlərində "Qəbələ” isə bürünc medalçı olub. Nazar Bayramov 2004/05-də "Karvan”, 2007/08-də "Neftçi” iləbu əyarlı mükafata sahib çıxıb.
Julius Vobay hamıdan çox – 3 dəfə Azərbaycan kubokunun finalda iştirak edərək hamısında qalib olub. Bu, 2011-ci ildə "Xəzər Lənkəran”la, 2013 və 2014-cü illərdə "Neftçi” ilə olub. Emeka Opara ilə kamerunlu Ernest Nfor hərəyə 2 dəfə finalda iştirak ediblər. Bunlar 1 qələbə və 1 məğlubiyyət olub. Opara 2011-ci ildə "Xəzər Lənkəran”la, Nfor 2014-cü ildə "Neftçi” ilə kuboku qazanıb.
Mehman Süleymanov
Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib