Azərbaycan futzal yığması bu gecə tarixi matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, milli komanda dünya çempionatının final mərhələsində debüt edib.
Braziliyalı Milton Luis Ziller Juniorin baş məşqçisi olduğu yığma F qrupunda ilk oyununu Mərakeş yığmasına qarşı keçirib. Medellində "Coliseo İvan de Bedout"da baş tutmuş görüşdə Azərbaycan futzalçıları debüt oyununda böyük hesabla qalib gəlib.
Millinin heyətində Vassoura het-trik edib. Qallo və Bolinya isə hərəyə bir dəfə fərqlənib.
Yığmanın qrupdakı digər rəqibləri İspaniya və İran yığmalarıdır. İspaniya ilə matç sentyabrın 16-da, İranla ayın 19-da olacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 03:00-da start götürəcək.
Futzal üzrə dünya çempionatı
F qrupu
13 sentyabr
F qrupu
03:00. Mərakeş - Azərbaycan - 0:5
Qol: Vassoura 14.25; 17.01; 32.59 Qallo, 28.30. Bolinya, 30.49
Hakimlər: Jose Katemo (Anqola), Eduardo Fernandes (Portuqaliya), Kamil Çetin (Türkiyə)
Medellin şəhəri, "Coliseo Ivan de Bedout" idman kompleksi.
Qeyd edək ki, Final mərhələsində 6 qrupda ilk 2 yeri tutanlar, habelə 3-cü pillənin sahibləri arasında ən yaxşı 4 yığma 1/8 finala çıxacaqlar. Azərbaycan 24 iştirakçı arasında Avropanı təmsil edən 7 yığmadan, final mərhələsinin 4 debütantından biridir. Digərləri Mozambik, Vyetnam və Özbəkistandır. Son dünya çemponu hazırkı turnirin də əsas favoritlərindən olan Braziliya yığmasıdır.