1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rail Məlikov: "Tahir Süleymanov məni arxadan bıçaqla vurdu" - MÜSAHİBƏ
Keçmiş kapitandan "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanova şok ittihamlar
"Sumqayıt” klubunun futbolçusu Rail Məlikovun Sportnet.az-a müsahibəsi
- Keçmiş komandaların "Neftçi” ilə AZAL heç də yaxşı günlərini yaşamırlar. Bu haqda nə deyə bilərsən?
- AZAL-ın yaxşı baş məşqçisi, kollektivi var. Futbolçulara inanıram. Onlar yavaş-yavaş formaları yığıb öz oyunlarını göstərəcəklər. "Neftçi” barədə isə əslində danışmaq istəmirdim. Çünki hamı bu haqda danışır. Fikrimcə, Sadıq Sadıqov və hətta Ramin Musayev "Neftçi”yə qayıtmalıdır. Komandaya onlar kimi lider rəhbər, liderlik göstərən futbolçular lazımdır. Lider kollektivi yığmağı bacarmalıdır. Bizim vaxtda da belə vəziyyət yaranmışdı, komanda Hans-Yurgen Gedenin dövründə dağınıq vəziyyət idi. Sadıq müəllim gəldi, lider oyunçular gətirdi, kollektivi yığdı, birlik yaratdı. "Neftçi” xalqın komandasıdır. Xalqda necə birlik varsa, "Neftç”də də elə birlik olmalıdır. Birlik öz sözünü dedi, biz o vaxt avrokuboklarda qrupadək irəlilədik. "Neftçi”də güclü rəhbər, yaxşı məşqçi olmalıdır.
- Demək, yeni baş məşqçi Elxan Abdullayevdən də uğur gözləmirsən...
- Açıq desəm, yox. Bu gün komandanın başına gətirilən məşqçilər korpusunun "Neftçi”ni ağ günə çıxaracağına inamım yoxdur. Çünki indiki heyət işə sıfırdan başlamalı olacaq. Bu mənada düşünürəm ki, Elxan Abdullayevin ölkənin ən köklü klubunu irəli aparacağı real görünmür. Fikrimcə, "Neftçi”yə daha təcrübəli, xarizmatik mütəxəssis dəvət olunmalı idi.
- Lider 3 mənada ortaya çıxır: klubun, komandanın və futbolçuların rəhbəri. Belə başa düşdüm ki, bu 3 liderin heç biri bu gün "Neftçi”də çatışmır?
- Bəli, heç bir çatışmır. Ola bilər ki, oyunçularda çatışır. Ancaq bir az səviyyəcə geriləyirlər. "Neftçi”də yaxşı futbolçular var, qardaşlarımızdır. Araz Abdullayevi qeyd edə bilərəm. Mən "Neftçi”də oynadığım vaxtdan çıxış edir. Ancaq "Neftçi”nin legionerləri də çox zəifdir. Bu kluba yaraşmayan legionerlərdir. "Neftçi” həmişə böyük-kiçikliyi ilə seçilib.
- Düşünmürsən ki, bunu yaratmaq üçün 3 yox, elə 1 nəfər gözəgörünməz qüvvə də kifayət edir. Məsələn, sizin vaxtınızda Güloğlan Cabbarov bu şeyləri yarada bilirdi. Bəs indi necə?
- Mən belə deməzdim. Güloğlan Cabbarov 2-ci ildə - Sadıq müəllim gələndən 1 il sonra gəldi. Həmin vaxt biz artıq ilk çempionluğumuzu qazanmışdıq. O vaxtadək kollektiv var idi. Güloğlan müəlim bizə böyük qardaş kimi idi. Onun da rolunu qeyd etmək lazımdr. Buna baxmayaraq, həmin lider komandanın içində olmalıdır. Həm də rəhbərliyin böyük inam bəslədiyi futbolçular olmalıdır.
- "Neftçi”də uzun müddət çıxış edən, kapitan olan Rail Məlikov üçün hazırda komandada gördüyü lider futbolçu kimdir?
- İndi lider görsənmir. Çünki liderin sözünə hamı qulaq asmalıdır. Anarxiya olmamalıdır.
- Araz Abdullayev keçmiş komanda yoldaşı, "Qəbələ”yə transfer olunan Ruslan Qurbanovu qucaqlayıb öpdüyü fotosunu 0:8 hesablı məğlubiyyətdən sonra "İnstaqram”da paylaşıb...
- Ola bilər ki, burda başqa nüanslar olub. Yaxın dostdurlar, qardaşdırlar. Yəqin ki, o nüansa görə bunu edib.
- Səncə, bu, kapitana yaraşan hərəkətdir?
- O sualı Araza verin.
- Sən də "Neftçi”də kapitan olmusan, xidmətlərin çox olub...
- Şəxsən mən onda oynasaydım, belə etməzdim. Oyundan sonra keçmiş komanda yoldaşımı təbrik edərdim, amma onunla birgə şəklimi nümayişkəranə formada paylaşmazdım. Mən heç normalda rəqib komandadakı dostumu oyundan sonra qucaqlamıram. Sadəcə, təşəkkür edirəm. Hər futbolçuya "Neftçi” kimi komandanın kapitanı olmaq qismət olmur. Kapitan da gərək öz hərəkəti və davranışları ilə ona göstərilən etimadı doğrultsun. Bunlar 0:8-dən sonra belə edirlərsə, deməli düşərgədə bizə məlum olmayan qlobal problemlər mövcuddur.
- Yəni, Araz Abdullayevin hərəkəti kapitana yaraşan hərəkət deyil...
- Bunu siz özünüz görürsünüz. Mən onu demirəm ki... Kapitanda liderlik keyfiyyəti lazımdır. "Neftçi”də əvvəlki kimi liderlik yoxdur. Bizdən qabaq liderlər vardı – əvvəlcə Zaur Tağızadə, sonra Rəşad Sadıqov. Biz o insanlara baxıb liderlik cəhətlərini götürmüşük. Tərlan Əhmədov millidə bizim üçün lider olub. Biz onun məktəbinin yetirməliriyik. Mənim üçün ən birinci məktəb Tərlan Əhmədov olub. Bu, hələ yığmada ikən belə idi. O, əsas millidə olanda biz olimpiya yığmasında çıxış edirdik. Əhmədov ac vaxtımızda avtobusu saxlatdıraraq, bizə cibindən yemək aldırıb verirdi. Onda Fuad Musayevin vaxtı idi. Mən lider keyfiyyətini Tərlan müəllimdə görmüşəm. Sonra Tağızadə, Sadıqov olub. Bu insanların kapitanlıq məktəbi olub və biz onlardan görüb-götürmüşük ki, necə böyük qardaş olmaq lazımdır. Bu planda mənim üçün ən birinci kapitan Tərlan Əhmədov idi. Hazırda isə Azərbaycan futbolçuları arasında Rəşad Sadıqov liderdir. Bu, danılmazdır. "Sumqayıt”da isə mən hələ yeniyəm, oyundan-oyuna yerimi tutacağam. Hər şeyin geci-tezi var. Lider olmasa, heç bir komanda inkişaf edə bilməz.
- Bəs özün "Neftçi”də necə lider idin?
- Çıxan legionerlərdən soruşun ki, Rail Məlikov "Neftçi”də necə lider olub? Tək meydanda yox, ondan kənarda da lider olmalısan. Bunu açıqlamaq istəmirdim. Uduzanda da bütün komandanı bir yerə aparırdım. Yumruq kimi bir yerə vururduq. Bizim vaxtımızda vəziyyət fərqli idi. Kollektivdə böyük-kiçik, hörmət-izzət məsələsi ön cərgədə idi. İndi nə rəhbərlikdə, nə komandada liderliyi üzərinə götürüb, kollektivi bir amal uğrunda döyüşə apara biləcək şəxs yoxdur. Fərdi idman növlərindən fərqli, futbolda bu, vacib şərtlərdən biridir. İndi hamı elə düşünür ki, son dəyişikliklərdən sonra vəziyyət yaxşılığa doğru dəyişəcək. Yenə təkrarlayıram, mən buna inanmıram. Bir də istəmirəm ki, Tahir Süleymanov kimi klub funksionerləri ölkənin ən qocaman klubunda çalışsın. Yeni gələnlər də onun kimi çalışacaqlarsa, komanda bundan da pis günə düşəcək.
- "Neftçi”yə yeni gələnlər Elnur Eyvazov, Orxan Hüseynzadə və İslam Abbasovdur...
- Elnur Eyvazovla Orxan Hüseynzadəni tanımıram. İslam müəllimin isə təşkilatı işlərdə xidmətləri danılmazdır. Yığmadan tanıdığım şəxs kimi "Neftçi”yə xeyir verə biləcəyini düşünürəm.
- Amma ümumilikdə "Neftçi”dəki dəyişiklərdən heç nə gözləmirsən...
- Xeyr. Konkret olaraq belədir. Açıq danışım: kluba yaxşı lider rəhbər gəlməlidir. Tahir Süleymanov kimi ikinci vitse-prezident gəlməməlidir. Çünki Tahir Süleymanov qayıtsa, yenə həmin vəziyyət olacaq.
- Tahir Süleymanov nə etmişdi ki?
- Orada 1-2 araqatan var idi ki, onların ucbatından "Neftçi” bu günə gəlib düşdü. Raili komandadan çıxartmaqla fikirləşirdirlər ki, nəsə olacaq. Nə oldu? 1 ildən sonra komanda dağıldı. O birlik hara getdi? Birliyi yaradan insanlar vardı. Tahir Süleymanov gecə 2-3-də kapitan kimi otağıma gəlirdi. Elmar Baxşıyev, Rəşad Abdullayev Allah şahididirlər. Deyirdi ki, kapitan kimi komandanı yığ, sabah qalib gəlmək lazımdır. Komandanı çətin vaxtda kim yığırdı, qoy onu desin. Sonra gəldi arxadan məni bıçaqla vurdu. Ümumiyyətlə, elə insan futboldan uzaq olsa, yaxşıdır. Televizora çıxıb damışır ki, ay mən "Neftçi”də olanda belə idi, elə idi. Sən neynirdin ki "Neftçi”də olanda? Sadıq müəllim gələnədək gənc futbolçuların pulunu yeyirdin, maaşları kəsməklə məşğul olan insanlardan idin. Sadıq müəllim gələndən sonra nəticələr gəlməyə başladı, hər şey halallıqla oldu. Amma bunadək Süleymanov hətta mənim də pulumu kəsmişdi.
- Necə?
- "Neftçi”də bir qayda var idi ki, zədələndinsə, komanda növbəti oyunda qələbə qazanacağı halda, sən də 100 faiz premiya alırdın. Sonrakı oyunlarda bu məbləğ aşağı enirdi. Həmin vaxt Sadıq Sadıqov klub prezidenti deyildi. Süleymanov mənə mükafatın 50 faizini yazmışdı. Gənc futbolçulara deyirdi ki, "podyomnı”larından bir hissəsi mənimdir. "Neftçi”də onun dediyini heç kim saymırdı. O, ancaq kimdənsə pul kəsmək, kiminsə dalınca danışmaq, hakimlərlə "işləmək”lə məşğul idi. "Neftçi” məni transferə çıxaranda Tahir Süleymanov demişdi ki, Rail Məlikov üçün şlaqbaumu qaldırmayın. Amma klubun mühafizəçilərinin mənə inamı ona qoyduqları hörmətdən o qədər yüksək idi ki, içəri buraxdılar. Mən də gedib əşyalarımı götürdüm. Bu adam hər gün mətbuatda, telekanallarda yalandan özünü "Neftçi” təəssübkeşi kimi göstərib, ictimaiyyətin gözünə kül üfürməklə məşğuldur. Halbuki işlədiyi dönəmdə onun kimi kluba ziyan vuran ikinci adam yox idi.
- Belə çıxır ki, İsrail "Hapoel"inə 0:4 hesabı ilə uduzduğunuz Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra "Neftçi"dən uzaqlaşdırılmağınızın kökündə başqa səbəblər var idi?
- O, məni niyə komandadan uzaqlaşdırdı? Bilirdi ki, bütün fırıldaqlarından xəbərdaram. Min-bir bəhanə uydurub, adımı narkoman, oyunsatan qoydu. Guya mən, Rauf Mehdiyev və İqor Mitreski İsrail "Hapoel"inə uduzduğumuz Çempionlar Liqası matçında oyun satmışıq. Bunlar hamısı Süleymanovun uydurması idi. Bu azmış kimi yığmanın baş məşqçisi Berti Foqtsa da yalan danışmışdı. Xatırlayırsınızsa, bir dəfə Foqtsdan "Raili niyə milliyə çağırmısız” soruşmuşdular. O da "Onun barəsində mənə elə sözlər deyiblər ki...” söyləyib sualdan yayınmışdı. Əslində isə Foqts mənə görə "Neftçi"nin bazasını gəlmişdi və soruşmuşdu ki, yığmanın futbolçusu niyə klubdan kənarlaşdırılıb. Görünür, barəmdə elə sözlər deyiblər ki, baş məşqçi də inanıb. Bunlar hamısı Süleymanovun fantaziyası idi. Həmin ərəfədə "Konyaspor” mənə təklif göndərmişdi. Yaxşı da müqavilə təklif edirdilər. Amma "Neftçi"də yalandan onlara demişdilər ki, Rail narkomandır, oyunsatandır. "Konyaspor"dan mənimlə əlaqə saxlayıb, bu sözləri onlara vitse-prezidentin dediyini bildirmişdilər. Buna baxmayaraq, yenə düşərgəyə gəlməyimizi istəyirdilər. Amma mən onlara "Gəlib qan analizi verə bilərəm, ancaq müqavilə bağlamayacağam” deyib, təklifi geri çevirmişdim. Bu insan "Dənizlispor”a keçidimə də mane olmaq istəyirdi.
- Bəs bu, necə baş vermişdi?
- Transfer vərəqəmi alıb Dənizliyə yollanmışdım. Orda baxıb demişdilər ki, bu, saxta sənəddir. Təsəvvür edirsiniz, "Neftçi”nin vitse-prezidenti mənə saxta sənəd verib Türkiyəyə yola salıb. Oradan Güloğlan Cabbarova zəng vurub vəziyyəti izah etdim. Cabbarov bu işə əl qoyandan sonra Tahir əsl sənədi verməyə razı oldu. Ancaq şərt qoydu ki, klubda yaşananlar haqda heç yerə heç nə danışmayacağam. Yəni, futbolçulardan pul qazandığını deməyəcəyəm. Ondan danışsınlar ki, mən "Dinizlispor”da oynayanda necə qabağımızı alırdılar. Kluba zəng elətdirib oynamamağımı istəyirdilər. Rəhbərliyə deyirdilər ki, Rail narkomandır, oyun satandır... Ancaq "Dənizlispor”un rəhbərliyi bu sözlərə önəm vermədi, mənə inandı və hətta vitse-kapitan seçdi. Mən də öz oyunumla Azərbaycanın adını qaldırmağa çalışdım, etimadları doğrultdum. Batmadım, qaldım.
- Sadaladıqların ciddi ittihamlardır və araşdırılmaya ehtiyacı var...
- Təkcə məni yox, "Neftçi”dən çıxan futbolçuların hamısını sildirmək istəyirdilər. Bunlar Tahir kimi "rəhbərlər” idi. Elmar Baxşıyevlə Rəşad Abdullayev "Neftçi”dən gedəndə istəmirdilər ki, başqa klublar onları götürsün. Elə bilirdilər ki, tək "Neftçi”də kiminsə hesabına oynaya bilərik. Ancaq elə olmadı. Getdim Türkiyədə 1 il Azəbaycanı şərəflə təmsil etdim. Sonda vətənə qayıdıb "Qəbələ”də oynadım. Oynasan, insana hər bir komandada yer var. Ancaq narkomana yer yoxdur. Göründü ki, kim kimdir. Onlar özlərini futbol adamları sayırlar, ancaq neçə futbolçunun qabağını alan belə insanlar var. Ona görə xaricdə oynaya bilmirlər. Yerli futboçuların xaridə çox oynamalarını istəyiriksə, onların arxasında durmaq lazımdır. Ancaq belə lazımsız yerə, səbəbsiz çıxardıb atmaqla inkişafa nail olmaq mümkün deyil. Futbolçu xaricdə oynayanda köməklik etmək, halallaşmaq lazımdır. Hər şeyin geci-tezi var. İndi özü də kənarda oturub. Təkcə o yox, vaxtilə "Neftçi”də mənəm-mənəm deyənlərin hamısı indi futbol aləmində yoxdur.
- Yadımdadır, çempionluqların birində sən kapitan kimi kuboku Sadıq Sadıqova verdin, baş məşqçiyə yox. Bu da söz-söhbətə səbəb oldu...
- Tahir Süleymanovun özü dedi ki, kuboku apar ver Sadıq müəlimə. Qoy, özü desin. Onda baş məşqçimiz Arif Əsədov idi. Yaxşı məşqçidir, çox köməkliyi dəydi. Zaman-zaman onunla aramız dəysə də, 3-4 yaxşı baş məşqçidən biri idi. Sadıq müəllimin isə uğurda böyük rolu var idi. Sözsüz ki, biz özümüz aparıb kuboku verəcəkdik. Elə oldu, Tahir müəlim dedi ki, kuboku aparın verin prezidentə. Arif müəllimin böyük rolunu gizlətmək düzgün deyil.
- Bəlkə sən halallaşmamış getdiyin üçün "Dənizlispor”a keçidinə maneçilik törədirdilər?
- Mənim rəhbərim Sadıq müəlim idi. Gedəndə onunla halallaşdım, indiyədək əlaqəm var. O, böyüyüm olub. Sadıq müəllim ürəyi təmiz adamdır, onun beynini doldurublar. Kim ki mənə qarşı pis olubsa, ömrü boyu onların halallığını verməmişəm. Allahdan qorxmurlarsa, ömürlərinin axırınadək haramçılıqla məşğul olacaqlar. Xahiş edirəm, bunların hamısını yazın. Tahir Süleymanova isə saytınız vasitəsilə öpücüklər göndərirəm...
Elşən MƏMMƏDOV