Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev bu gün Portuqaliyanın "Boavişta" klubunun heyətində ilk oyununa çıxacaq.
Bu barədə Sportnet.az-a 30 yaşlı qolkiperin keçmiş klubu "Sumqayıt"ın meneceri Ceyhun Sultanov məlumat verib.
Sultanovun sözlərinə görə, Ağayev onunla əlaqə saxlayaraq, "Portu" ilə bugünkü Portuqaliya çempionatı matçında adının ilk "11-liy"ə daxil edildiyini bildirib. Təcrübəli qapıçı, həmçinin yığmanın digər üzvü Emin Mahmudovun Portu derbisində yenə "18-lik"dən kənarda qalacağını söyləyib. Bakı vaxtı ilə saat 22:00-da başlanacaq "Portu" - "Boavişta" matçı CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Kamran Ağayev "Boavişta" ilə sentyabrın 12-də azad agent kimi müqavilə bağlayıb. Bundan sonra Ağayev komandasının "Feyrensi" ilə Portuqaliya çempionatı matçında "18-liy"ə belə daxil edilməyib.