AFFA-nın İntizam Komitəsi "Sumqayıt"ın baş məşqçisi Samir Abasovu cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, buna baş məşqçinin Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış "Qəbələ" ilə oyunun 85-ci dəqiqəsində texniki zona qaydalarını pozması səbəb olub.
Nəticədə texniki zonadan kənarlaşdırılan Abasov bir oyunluq cəzalanıb və klub 800 manat cərimə edilib. Həmin oyunda meydana azarkeş daxil olması nəticəsində bir dəqiqəlik fasilə yaranıb. "Qəbələ" klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə 4000 manat cərimələnib. Elvin Əliyev adlı həmin fanat Sloveniya "Maribor"u ilə Avropa Liqasının "pley-off" mərhələsinin Bakıdakı ilk oyunundan sonra canlı yayım zamanı meydana daxil olaraq, müsahibə verən "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuku öpməklə diqqət mərkəzinə düşmüşdü.
Premyer Liqanın VI turunun AZAL – "İnter" matçında Peşəkar Futbol Liqasının himninin səslənməməsi və stadionun tablosunun işlək vəziyyətdə olmamasına görə meydan sahiblərinə xəbardarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubla bağlı daha ciddi tədbir görüləcək.