Nurlan QƏLƏNDƏRLİ
Fatih Terim: Kaybetmekten korkma! Bir şeyi kazanmak için bazı şeyleri kaybetmelisin ve unutma kaybettiğinde değil, vazgeçtiğinde yenilirsin!
"Niyə məhz Fatih Terim?!”
Türkiyə futbolundan az-çox agah olan, həyatında az da olsa, futbol azarkeşliyi edən hər kəs bu sualı dəfələrlə duyub, şübhəsiz. Əsasən, milli komanda və klub səviyyəsində krizis dönəmi kimi səciyyələndirilən çarəsizliklər fonunda son çarə olaraq İMPERATOR ləqəbli Fatih Terim görülüb, onun ünvanına üz tutulub. Çünki o, bu dönəmlərdə Tanrının Türk futboluna bəxş etdiyi bir fenomen kimi müraciət olunacaq ALTERNATİVSİZ ALTERNATİV olub. Və ya həm çalışdırdığı klub, həm də milli komanda səviyyəsində qazanılan tarixi uğurlar – real nəticə və göstəricilər "NİYƏ MƏHZ FATİH TERİM?!” sualının cavabını birmənalı şəkildə aşkar edib...
***
Futbol və siyasət kütləvi şüurun başlıca obyekti kimi çıxış edən məfhumlar olduğuna görə hər kəs özünü ən azından nəzəri cəhətdən futbolçu (sonradan məşqçi) və siyasətçi statusunda dəyərləndirir, "kəşflər edir”, öyrənmədən "öyrədir”, məşqçi və siyasətçilərin "görmədiklərini görür” və sair. Yəni, passiv aktivlik edərək həyatın kağız üzərində gətirdiyi şansları dəyərləndirirlər...
Elə uzun müddətdir ki, Fatih Terimin ünvanına səsləndirilən fikirlər də bu reallıqların timsalında inikas olunur. "Akademik zəka”lar Terimin məhz coşğu, emosionallıq ilə futbol oynatdığı iddiasından (oxu: ittihamından) başqa ortaya tutarlı fikir və ya tənqid üçün əsaslı arqument qoya bilmirlər. Hərçənd ki, Terimin əldə etdiyi başarıların altında yatan amil hissi (psixo-emosional – mental faktorlardan istifadə) ilə əqli idrakın (məntiq, düşünmək kimi qabiliyyətlərin fonunda taktiki, strateji amillər) imkanlarını birləşdirən uğurlu fəaliyyətdir. Təkcə "Qalatasaray" komandası ilə qazanılan 6 TÜRKİYƏ ÇEMPİONLUĞU, 3 TSYD, 2 TÜRKİYƏ, 2 CUMHURBAŞLANLIĞI, 2 SUPER KUBOK (TOPLAM 15 KUBOK) təsadüfi xaraktermi daşıyır, yoxsa bu başarıların arxasında təkcə coşğu, istək, arzu kimi emosional halətlər durur?! Bəs 2000-ci ildə "Qalatasaray" UEFA KUBOKUNU qazandığı zaman dünyanın ən başarılı və mötəbər futbol adamları Fatih Terimi sırf psixoloji amillər üzərindənmi təbrik və təqdir etdilər?!
***
... Bir az daha bu gün milli komanda üzərindən məqsədli şəkildə tənqid atəşinə tutlan Fatih Terimin karyerasının Türkiyə milli komandası çərçivəsindəki portretinin cizgilərinə nəzər salsaq... Görərik ki, qatıldığı 4 Avropa çempionatının (AVRO-96, AVRO-2008 VƏ AVRO-2016) 3-də Türkiyə milli komandasının başında məhz Fatih Terim olub (AVRO-2000-də isə komandanı 1/4 finala çıxaran Mustafa Denizli idi). AVRO-2008-də Türkiyəni ÜÇÜNCÜ edərkən Fatih Terim "ÇEMPİONATIN ƏN YAXŞI MƏŞQÇİSİ” adına təsadüfənmi layiq görüldü?! "Fiorentina"nı yerli çempionatda finala çıxaran (final maçından öncə istefa vermişdi), Milanda baş məşqçilik edən Terimin İtaliyada Dövlət Nişanı (Ordine della Stella della Solidarieta) ilə "Commendatore” ləqəbi alan ilk Türk baş məşqçi olmasını necə təsvir edək?!
***
Və Türkiyə milli komandasında baş verən son olaylar çərçivəsində... Milli komanda Fatih Terimin rəhbərliyi ilə transformasiya – keçid dönəminə qədəm qoyub. İslahatlar olacaq, performansından və ya daxildə düzəni pozmaq səbəbindən - ki, bundan öncə həmin futbolçuların da yer aldığı qruplaşmanın federasiyadakı bəlli qrupların dəstəyi ilə nələrin altına imza atdığı bəllidir - müəyyən futbolçuların komandaya alınmaması tamamilə qanunauyğundur. Bu, həm də gələcəyin milli komandasını inşa etmək üçün real şans və məqbul seçimdir. Bəlkə, ilkin dönəmdə arzuolunmaz nəticələr - müəyyən uğursuzluqlar olacaq, amma keçid dövründə bu cür halların baş verməsi təcrübəsi hər komandaya, hətta dünya futbolunun lokomotivləri kimi səciyyələndirilən ən güclülərə də məxsusdur. Ən əsası anlamaq gərəkdir ki, sistemin nizamını pozan və gələcəyinə təhdid yaradan elementləri neytrallaşdırmaq lazımdır və ya sistem üçün yararlılğını itirmişlərlə funksional olmaq olmaz!
***
Və bu cür islahatların, cəsarətli addımların altına imzasını atacaq tək isim qətiyyəti ilə hər zaman özünəməxsus duruşu olan məhz Fatih Terimdir. Bəs Terim olmasa?! O zaman qısamüddətli arayışlardan, xaos və boşluqlardan sonra yenidən "Niyə məhz Fatih Terim” sualının səslənəcəyi və İMPERATORA üz tutulacağı şübhəsizdir. Çünki tarix zərurətdən qaynaqlanan təkrarlardan ibarətdir, zərurətin isə bu zamana qədər nədə olduğu və kimi zəruri etdiyi bəllidir!