1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
3-dən 2-si "Neftçi"nin və ya "ağ-qaralar" antirekordunun təkrarına doğru
Azərbaycan Premyer Liqasının cari mövsümündə 3-cü qırmızı vərəqə qeydə alınıb. Sportnet.az-ın məlumatına görə, onun müəllifi "Neftçi"nin futbolçusu Rahil Məmmədov olub.
Gənclər yığmamızın da üzvü olan 21 yaşlı müdafiəçi "Zirə" ilə səfər matçının 47-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyub. Həmin vaxtadək hesabda 0:1 geridə olan qonaqlar azlıqda qalandan 3 dəqiqə sonra daha bir qol buraxaraq 0:2 hesabı ilə uduzub.
İki ay öncə start götürən cari çempionatda artıq ilk turda bir oyunda iki qırmızı vərəqə olsa da, bundan sonra xeyli müddət meydandan qovulma olmamışdı. Həmin ilk "qırmızılar"dan biri də "Neftçi"nin payına düşmüşdü. Komandanın digər mərkəz müdafiəçisi - braziliyalı Jayro Rodriges da səfər matçının ilk hissəsində ikinci sarı vərəqə alaraq meydandan çıxarılmışdı. Ancaq fərq ondadır ki, "Neftçi" AZAL-la həmin oyunda 2:0 hesabı ilə qalib gəlmişdi. Bunda rəqibin azlıqda qalmasının da təsiri olmuşdu. Belə ki, "təyyarəçilər"in hücumçusu Ruslan Nəsirli həmin dəqiqədə rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə almışdı.
Göründüyü kimi, cari çempionatda 3 "qırmızı"dan 2-si "Neftçi"nin payına düşür. "Ağ-qaralar"ın ötən mövsüm ən çox qırmızı vərəqə alan kimi intizamsız komanda olduğundan, indiki vəziyyət təəccüb doğurmur. Onda 8 meydandan qovulmadan 3-ü məhz Jayronun passivinə yazılmışdı. Belə gedişlə "Neftçi" qırmızı vərəqələrlə bağlı ötən mövsümkü antirekordunun təkrarına doğru gedir.