"Oyuna adi qaydada hazırlaşırıq. Bəzi zədəli futbolçularımız var. Bu bir az işimizi çətinləşdirir. Həmin oyunçuların yerinə başqaları oynayacaq və bu o futbolçular üçün şans olacaq. Özlərini yaxşı tərəfdən göstərə bilərlər". Sportnet.az-ın məlumatına görə, bunu "Qafqazinfo.az"a müsahibəsində "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk deyib.
Ukraynalı mütəxəssis zədəlilərə baxmayaraq, komandada ab-havanın korlanmadığını və Avropa Liqasının C qrupunda səfərdə qarşılaşacaqları Fransa "Sent-Etyen"i ilə oyunu analiz etdiyini bildirib: "Niyə zədəlilərə görə ab-hava korlanmalıdır? Hər meydana çıxan futbolçu üzərində işləməlidir. Onlar özlərini yaxşı göstərmək üçün məşqlərdə artırmalıdırlar. Hamı işinə peşəkar yanaşmalıdır. Bu vacib məsələdir. Rəqibin oyunlarına baxmışam. Bu gün və sabah onları futbolçularımla tanış edəcəm. Zəif və çatışmayan cəhətlərini oyunçularıma deyəcəm ki, hazır olsunlar. Amma biz futbol baxışlarımızdan kənara çıxmayacağıq. Siz görməyəcəksiniz ki, biz öz cərimə meydançamızda dayanıb ordan kənara çıxmırıq. Öz futbolumuzu oynayacağıq. Baxmayaraq ki, bu yaxşı nəticə üçün bizə zəmanət vermir. Biz hücuma atılacağıq, əks-hücumlara bel bağlamayacağıq".