"Avropa Liqasının qrup mərhələsində debütüm məni sevindirdi. Hesab edirəm ki, bu, mənim üçün karyeramda böyük olay idi".
Bunu Sportnet.az-a açıqlamasında "Qəbələ"nin gürcü futbolçusu Nika Kvekveskiri deyib. Avropa Liqasının qrup mərhələsinin startında "Anderlext"lə Belçikadakı oyun öncəsi məşqdə zədələnən yarımmüdafiəçi 2 ay yaşıl meydandan kənarda qalıb.
Kvekveskirinin qayıdışı Fransanın "Sent-Etyen" klubu ilə "Bakcell Arena"dakı matçın 84-cü dəqiqəsində olub: "Yalnız ona təəssüflənirəm ki, komandamız uduzdu. Oyun yaxşı alındı. Sadəcə, üzücü qollar buraxdıq. İki fərdi səhv və iki qol. Bunlar oyuna mənfi təsirini göstərdi. Məncə, fərdi səhvlər olmasaydı, qalib gələ bilərdik".
Nika yaxın vaxtlarda tam hazır olacağına inanır: "Bu dəfə 10 dəqiqəyə yaxın oynadım. Ümid edirəm ki, getdikcə meydanda daha çox olacağam. Bu zaman yüz faiz hazır olub komandama kömək edə biləcəyəm".
Qeyd edək ki, "Qəbələ" Bakıda "Sent-Etyen"ə 1:2 hesabı ilə uduzub.








































































