2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Şimali İrlandiya və Azərbaycan yığmaları arasında keçiriləcək qarşılaşmanın baş hakimi Kleman Türpen ilk dəfə qonaqların matçına təyinat alıb. Sportnet.az-ın məlumatına görə, fransalı baş hakim bu günədək nə Azərbaycan yığmalarının, nə də klublarının oyununda olmayıb.
Lakin 34 yaşlı referi Şimali İrlandiya yığması üçün yad hakim deyil. O, AVRO-2016-nın qrup mərhələsində Şimali İrlandiya və Almaniya yığmaları arasında baş tutan görüşdə iş başında olub. Həmin görüş almanların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Baş hakim bu görüşdə heç bir vərəqə göstərməyib.
K.Türpen 2010-cu ildə FİFA referisidir.

















































































