"Fasilə dövründə qarşıdakı oyunlara yaxşı hazırlaşmışıq. Fasilədən maksimum yararlandığımızı söyləmək olar. Bu, komanda üçün də vacib idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin kapitanı Rəşad Sadiqov klubunun rəsmi saytına açıqlamasında bildirib. O, Premyer Liqada yaranan 2 həftəlik fasilə müddətində yüksək səviyyədə məşqlər keçərək növbəti görüşlərə tam hazır vəziyyətə gəldiklərini bildirib: "Düzdür, milli komandalara cəlb olunan futbolçular bütün hazırlıq prosesində iştirak etmədi. Lakin bu, əksər komandalarda yaşandığından, normal qarşılanmalıdır. Artıq onlar da komandanın düşərgəsindədirlər”.
33 yaşlı futbolçu qarşıdakı turda "Zirə" ilə keçirəcəkləri ev oyununa da toxunub: "Bu həftə keçiriləcək həmin qarşılaşmaya tam hazırıq. Yalnız matça tam konsentrasiya olub, meydana çıxmaq qalıb. Qarşıdakı görüşdə 3 xala iddialıyıq. Cari mövsüm bu rəqiblə bir dəfə qarşılaşmışıq. Rəqib döyüşkən, futbol oynamağı bacaran komandadır. Ötən mövsümü mükafatçılar sırasında bitirmələri də onların gücünü göstərir. Bütün bacarığımızı meydanda qoyub, qalib gəlməyə çalışacağıq. Düşünürəm ki, bütün futbolçular potensiallarını tam ortaya qoysa, istəyimizə çatacağıq”.
Hazırda turnir cədvəlində lider olan "Qəbələ” fasiləyə qış çempionu kimi yollanmağa yaxındır. Sadiqov bildirib ki, komanda həm ili, həm də mövsümü indiki mövqeyində bitirmək niyyətindədir: "Hazırda çempionatın lideriyik. Mövqeyimizi qorumaq üçün mübarizə aparırıq. Əlimizdən gələni edəcəyik ki, ilin sonunadək də ilk pillədə qalaq. Cari mövsümdə hədəfimiz qızıl medallardır. Çempionluğa iddialı olduğumuzdan hər görüşə maksimum nəticə üçün çıxırıq”.