Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının daha bir oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, turun ikinci oyununda "Qarabağ" və "Kəpəz" klubları üz-üzə gəlib.
Qarşılaşmada topa ilk toxunuşu meydan sahibi "Qarabağ" edib. Oyunun ilk dəqiqələrindən hücuma atılan Qurban Qurbanovun rəhbərlik etdiyi komanda maçtın 17-ci dəqiqəsində istəyinə çatıb. Dani Ndlovu topu "Kəpəz"in qapısından keçirib. İlk hissə "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İkinci hissədə komandalar nə qədər çalışsalar da, qapılara qol vurulmayıb.
Bu nəticə ilə "Qarabağ" 12 oyundan 28 xal toplayaraq lider "Qəbələ" ilə 1 və 2-ci pillələri bölüşür. "Kəpəz" isə 12 xalla 5-cidir.
İlk oyunda isə "Qəbələ" "Zirə"ni sınağa çəkib. Roman Qriqorçuk cəzalı olduğu üçün oyunu tribunadan izləyib. Lakin bu amil "qırmızı-qaralar"ın qələbə qazanmasına mane olmayıb. 52-ci dəqiqədə Filip Ozobiç uzaq məsafədən dəqiq zərbə ilə oyunda yeganə qolun müəllifi olub - 1:0. "Qəbələ" minimal hesablı qələbə sayəsində xallarını 28-ə çatdırıb və liderliyini davam etdirib.
Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, XII tur
19 noyabr
15:00. "Qəbələ" - "Zirə" - 1:0
Qol: Filip Ozobiç, 52
Hakimlər: Ömər Paşayev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ. Qəbələ şəhər stadionu
18:00. "Qarabağ" - "Kəpəz" - 1:0
Qol: Dino Ndlovu, 17
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Nahid Əliyev, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Diniyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Asim Xudiyev
Bakı. "Azersun Arena"
Qeyd edək ki, turun son oyun günündə "Sumqayıt" "Neftçi"ni, "İnter" isə AZAL-ı sınağa çəkəcək.