"Qəbələ”nin Avropa Liqasındakı rəqibi olan Belçikanın "Anderlext” klubu qış transfer dönəmində hucümçularından biri ilə yollarını ayırmağı planlaşdırır.
Sportnet.az-ın məlumatına görə, cari mövsümdə hücumçularından istədiyi məhsuldarlığı ala bilməyən "Trabzonspor” rəhbərliyi Brüssel təmsilçisinin forvardı Lukaş Teodorçiklə yaxından maraqlanır.
25 yaşlı polşalı hücumçu icarə əsasında çıxış etdiyi "Anderlext”in heyətində 13 oyuna 11 dəfə fərqlənib. Teodorçik Belçika təmsilçisinin "Qəbələ”ni 3:1 hesabı ilə məğlub etdiyi matçda hesabı açıb. Müqavilə ilə Kiyev "Dinamo"suna məxsus olan polşalı oyunçunun qış "transfer pəncərəsi"ndə Türkiyə təmsilçisinə keçidi gözlənilir. Lukaş 2 gün sonra isə "Bakcell Arena"da "Qəbələ"yə qarşı oynayacaq.
Qeyd edək ki, "Trabzonspor”un hücumçuları arasında millimizin üzvü Ramil Şeydayev də var.