Təbriz Həsənov Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına baş məşqçi təyin olunub. Sportnet.az-ın məlumatına görə, bu barədə 49 yaşlı mütəxəssisin özü açıqlama verib.
T.Həsənov təyinatın hələ rəsmiləşmədiyini, amma yığmanın noyabrın 29-da Bakının Mərdəkan qəsəbəsindəki yığma komandaların məşq mərkəzində başlanacaq təlim-məşq toplanışına rəhbərliyin ona həvalə olunduğunu açıqlayıb: "Bir həftəlik hazırlıq prosesinə 1999-cu il təvəllüdlü futbolçular dəvət edilib. Həmin oyunçularla 3 ildir mən işləyirəm. Artıq onlar U-19 komandasına keçib. Bu səbəbdən, yığma da mənə tapşırılıb".
Qeyd edək ki, yeni baş məşqçi təyinatının AFFA İcraiyyə Komitəsinin 2017-ci ilin martında keçiriləcək iclasında rəsmiləşəcəyi gözlənilir. Təbriz Həsənov bu vəzifədə Nazim Süleymanovu əvəzləyib. (Report)