Emin Mahmudov Portuqaliya çempionatının yüksək liqasında debüt edən 3-cü azərbaycanlı futbolçu olub. Sportnet.az-ın məlumatına görə, milli komandamızın 24 yaşlı yarımmüdafiəçi XI turda "Sportinq"lə evdə 0:1 hesabı ilə uduzduqları matçda "Boavişta"nın heyətində meydana çıxıb. Mahmudov qarşılaşmanın 75-ci dəqiqəsində meydana daxil olmaqla siftəsini gerçəkləşdirib.
Bu ölkənin güclülər dəstəsində ilk təmsilçimiz milli komandamızın sabiq hücumçusu Vəli Qasımov olub. "Neftçi"nin keçmiş baş məşçqisi futbolçu karyerası dövründə çıxış etdiyi son ölkə məhz Portuqaliya olub. O, 2 klubda oynasa da, bunlardan "Vitoriya Setubal" (1997 - 1999-cu illər, 41 oyun, 15 qol) yüksək liqa, karyerasını bitirdiyi "İmortal" aşağı dəstə (1999 - 2001-ci illər, 46 oyun, 16 qol) təmsilçisi olub. Qasımov "Vitoriya Setubal"da debüt mövsümündə 24 oyunda vurduğu 11 qolla bombardir olub. O, karyerasını 2001-ci ildə - 33 yaşında Portuqaliyanın III divizionunda bitirib.
Portuqaliyanın yüksək liqasında 2-ci təmsilçimiz isə elə Mahmudovun millimizdə, ən əsası, "Boavişta"da komanda yoldaşıdır. Bu, Emindən sonra həmin kluba keçən Kamran Ağayevdir. 30 yaşlı qapıçımız Portuqaliya Premyer Liqasında bu il sentyabrın 23-də VI turda "Portu" ilə ev oyununda (1:3) debüt edib. Bundan sonra bütün matmlarda qapıda əvəzolunmadan duran Ağayev çempionatda 6, kubokda keçirib və ümumilikdə 8 matçda "Boavişta"nın formasını geyinib.
Göründüyü kimi, Ağayevlə Mahmudovun hazırkı klublarında debütü Portuqlaiyanın ən titullu klublarına qarşı olub. "Boavişta"nın Porto təmsilçisi olduğunu nəzərə alsaq, "Porto" ilə matç ümumiyyətlə, derbi olub.
Hazırda "Sumqayıt"da oynayan millimizin sabiq yarımmüdafiəçisi Amit Quluzadə 2014/15 mövsümündə Portuqaliyada "Atletiko" klubunda 6 oyun keçirsə də, bu, aşağı divizionda olub.
Qeyd edək ki, Mahmudov hələ yayda Rusiya karyerasını bitirərək Portuqaliyaya yollansa da, "Boşavişta"da debütünü xeyli gözləməli olub. O, hətta ölkə kuboku matçlarında şans qazanmayıb.