Azərbaycan Premyer Liqasında iştirak etmiş futbolçu Şəhriyar Xəlilov dünyasını dəyişib. Sportnet.az-ın məlumatına görə, Gəncə futbol məktəbinin yetirməsi olan yarımmüdafiəçi 25 yaşında ürək tutmasından dünyasını dəyişib.
Xəlilov "Qarabağ", "Qəbələ" və "Xəzər Lənkəran"da çıxış etdiyi dövrdə tanınıb. Peşəkar karyerasını "Gəncə” klubunda başlayan futbolçu daha sonra "İnter”in əvəzedici heyətində və "Qarabağ”da oynayıb. "Xəzər Lənkəran”a keçməzdən əvvəl isə Şəhriyar 6 ay "Turan” klubunun şərəfini qoruyub. O, "Gəncə”nin, "İnter”in və "Qarabağ”ın heyətində çempionluq titulunu qazanıb.
Şəhriyar Xəlilov müdafiənin və yarımmüdafiənin hər 2 cinahında oynaya bilirdi. "Xəzər Lənkəran"da çıxış etdiyi vaxt "Neftçi" ilə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuda keçirilən, 0:5 hesablı məğlub olduqları məşhur derbidə isə rəqib futbolçu Rəşad Abdullayev ona şillə vuraraq AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılmışdı. Tale elə gətirdi ki, Abdullayevlə Xəlilov bundan sonra "Qəbələ"də komanda yoldaşı oldular. Həmin vaxt komandanın baş məşqçisi olan türkiyəli Fatih Kavlak "Qarabağ"da birgə işlədiyi Şəhriyarı Qəbələyə dəvət etmişdi.
Allah rəhmət eləsin!










































































