"Sumqayıt" klubunun prezidenti Kamran Quliyevin Sportnet.az-a müsahibəsi
- Komandanız ölkə kubokunun 1/4 final mərhələsində "Qarabağ"a 0:6 hesabı ilə uduzdu. Bu ağır məğlubiyyətin səbəbi nə idi?
- Məğlubiyyət minimal hesablı olsaydı, bizə təsir etməzdi. "Qarabağ”ın start heyətinə baxandan sonra belə qənaətə gəldim ki, rəqib elə ilk oyunda hər şeyi həll etmək istəyir. Onlar uzun mövsümu nəzərə alaraq, mərhələnin taleyini, intriqanı ikinci matça saxlamaq istəmirdilər. Üstəlik, qış fasiləsi yaxınlaşdığından, "Qarabağ"ın futbolçularının çoxu istirahətə gedəcəkdi. Belə bir ehtimalın olduğunu təhlil etmişdik. "Fiorentina” ilə oyunla müqayisədə "Qarabağ" bizə qarşı daha güclü heyətlə oynayıb. Həmin matçda cəzalı olan Maksim Medvedevlə Migel Madera bu dəfə meydanda idilər. Yalnız Rəşad Sadıqov heyətdə yox idi ki, ona da zədələnmə ehtimalı üzündən risk edilməmişdi. Bir sözlə, "Qarabağ" tam heyətlə qələbəyə köklənərək oynadı. Etiraf edirik ki, yaxşı vəziyyətdə olan bu rəqibə qarşı şansımız çox azdır. Bunu nəinki "Sumqayıt"a, "Qəbələ" və "İnter”i çıxmaq şərtilə digər komandalara da şamil etmək olar. Təbii ki, 0:6 hesabını gözləmirdik. Komanda daha çox mübarizə aparmalı idi.
- Baş məşqçi Samir Abasovla müzakirədən sonra hansı nəticəyə gəldiniz?
- Baş məşqçi və köməkçiləri ilə görüşdüm. Məsləhət gördüm ki, futbolçular dərhal "Zirə” ilə çempionatda həlledici matça köklənsinlər. Bu, bizim üçün turnir cədvəli baxımından vacib matçdır. Məqsədimiz qazanacağımız 3 xalla istirahətə çıxmaqdır. Düzdür, ilin sonunadək kubokda oyunumuz qalacaq. Ancaq "Qarabağ"la cavab matçında mərhələ baxımından şanssısız. Hansısa təhlil aparmağa vaxtımız yoxdur. Olan olub. Təbii ki, bu nəticə bizi qane edə bilməz. Bizim səviyyədə olan komandalar ildə 1-2 dəfə darmadağın oluna bilər. Bu, güclü klublarda da ara-sıra baş verib. Buna görə də faciə etmək düzgün deyil. "Zirə” ilə qarşılaşmamıza az qalıb və indi yalnız bu haqda düşünürük.
- Bu məğlubiyyət komandanız üçün "soyuq duş" oldu. Sizcə, bu, mənfi təsirini göstərəcək, yoxsa əksinə, futbolçuları ayıldacaq?
- Bu, yüz faiz yaxşılığa doğru da yönəldə bilər, pisliyə də. Komanda "sına" bilər. Bunun olmaması üçün çalışır və futbolçularımızın diqqətini "Zirə” ilə oyuna yönəldirik.
- Samir Abasovun "texniki zona"da olmaması nəticəyə təsir göstərdimi?
- Xeyr. Abasov ehtiyat oyunçular skamyasından 3 metr kənarda tribunada dayanmışdı. Ordan göstərişlərini, tapşırıqlarını verirdi. Nə fərqi var ki, baş məşqçi "texniki zona"da, yoxsa onu yaxınlığında idi?
- Futbolçularınızdan narazı qalanda bunu radikal şəkildə bildirirsiniz. Komandanın imicini aşağı salan belə məğlubiyyətə görə oyunçular cəza və ya cərimə olunmadı?
- Radkal sözündən çox da xoşum gəlmir (gülür). Tədbir görən kimi demək istəyirsinizsə, razıyam. Futbolçular aylıq məvaciblərini adətən növbəti ayın 5-15-də alırlar. Maaşlarını verdik və cəzadan, cərimədən söhbət getmədi. Bu haqda düşünmürük. Kimsə cəzalanmalı, cərimələnməlidir - bu haqda söhbəti heç açmamışıq. Media vasitəsilə futbolçulara müraciət etməmişəm. Şükürlər olsun ki, özümün onlarla birbaşa ünsiyyətim var. İndi futbolçuları qorumaq lazımdır və önəmli matça hazırlaşmalıdırlar. Təbii ki, bu məğlubiyyət onlar üçün dərsdir. Tam oyuna köklənsən, rəqib istəyir "Qarabağ”, istəyir I Divizion komandası olsun, hamısına çətin olacaq. Futbolçular öz oyunlarını sərgiləyir, biz də öz işimizi görürük, vaxtında maaşlarını veririk. Heç bir futbolçunun pulunu 1 qəpik olsun kəsməmişəm, belə fikirdə də deyiləm. Klubun maddi vəziyyəti stabildir, mənəvi durumumuz da. Bəli, uduzmuşuq, ancaq bu, faciə deyil. Futbolda belə hallar olur.
- Yəni, cəza və ya cərimənin yeri yoxdur...
- Bəli. Bu matçın üzərində çox dayanmağa da vaxtımız yoxdur. Komanda hər şeyi yaxşı anlayır. Hər halda, 11 yaşlı uşaqlarla söhbət etmirəm. Bunların çoxu artıq ailə quranlar, bəziləri ailə qurmaq ərəfəsində olanlardır. Loru dillə desək, yekə kişilərdən söhbət gedir. Futbolçulara demişik ki, azarkeşlər dekabrın 17-də stadiona qələbə görmək üçün gələcəklər. Ən azından Avroliqa zonasından uzaqlaşmamaq üçün yaxşı şansımız var. "Zirə" üzərində qələbə bizi turnir cədvəlində 4-5-ci yerə aparır. Buna nail olaraq qış fasiləsinə yaxşı əhval-ruhiyyədə çıxmaq istəyirik.
Mehman SÜLEYMANOV