Bakının "İnter" klubunun sabiq qapıçısı Georgi Lomaya karyerasını bitirib. Sportnet.az-ın məlumatına görə, ötən yay vətəni Gürcüstana qayıdaraq Tiflis "Dinamo"suna keçən futbolçu 37 yaşında yaşıl meydanda çıxışını bitirib.
Lomayanın paytaxtı təmsilçisi ilə hələ yarım illik müqaviləsi olsa da, getməyə qərar verdiyini açıqlayıb: "Tiflis "Dinamo"su ilə müqaviləm 2017-ci ilin iyulunda bitirdi. Ancaq biz hamımız müzakirə edərək anlaşmanı pozmaq qərarına gəldik. Bəli, mən karyeramı bitirməyə qərar verdim. Artıq 37 yaşım var və getmək vaxtıdır. Ancaq ümid edirəm ki, futbolda qalacağam. Lisenziya almaq üçün məşqçilər kurslarında iştirak edəcəyəm. Mövsüm bitəndən dərhal sonra B lisenziyasını almaq üçün ərizəmi verəcəyəm".
Qeyd edək ki, 1995-ci ildən başlayan karyerasında çoxsaylı klublarda çıxış edən Georgi 2009-16-cı illərdə "İnter"də oynayıb. O, Azərbaycan çempionatında 126 dəfə meydana çıxıb, 2010-cu ildə Premyer Liqanın qalibi olub. Lomaya 1998-2010-cu illərdə millisinin şərəfini 45 matçda qoruyub.