Sportnet.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqaməti üzrə "1992-2016-cı illərdə keçirilən Azərbaycan çempionatlarında iştirak etmiş əcnəbi baş məşqçilərlə bağlı statistik məqamların üzə çıxarılması" layihəsində silsilə yazılarını davam etdirir. Onuncu yazı əcnəbi baş məşçqçilərin Azərbaycan klubları ilə avrokuboklarda iştirakı, bu yolda ilk addımlardan qazanılan uğurlarla bağlıdır.
13 əcnəbi mütəxəssis, 8 klub, 7 ölkə
Azərbaycan klublarının baş məşqçiləri kimi avrokuboklarda iştirak edən 13 əcnəbi mütəxəssis olub. Onlar 7 ölkəni təmsil edib. Bunlardan daha çox – 5 nəfər Ukrayna təmsilçisi olub. Söhbət İqor Nakoneçnı ("MKT-Araz”), Valentin Xodukin ("İnter”), Anatoli Demyanenko ("Neftçi”), Roman Pokora ("Simurq”) və Roman Qriqorçukdan ("Qəbələ”) gedir. Gürcüstanla (Kaxaber Tsxadadze və Zaur Svanadze – hər ikisi "İnter”) Rumıniyanın (Mirça Rednik – "Xəzər Lənkəran” və Dorinel Muntyanu – "Qəbələ”) hərəyə 2, Almaniya (Vinfred Şefer – "Bakı”), Türkiyə (Rasim Kara - "Xəzər Lənkəran”), Uels (Con Toşak – "Xəzər Lənkəran”) və Makedoniyanın (Qyoko Hacıyevski – "Bakı”) hərəyə 1 təmsilçisi olub.
Bu 13 mütəxəssis 8 klubda olub. Özü də onların hər biri yalnız 1 klubla qitəmiqyaslı turnirlərdə çıxış edib. Daha çox "Xəzər Lənkəran”la "İnter” (hərəyə 3 dəfə) əcnəbi baş məşqçilərin rəhbərliyi altında avrokuboklarda oynayıb. "Qəbələ” ilə "Bakı”da bu göstərici 2, "Neftçi”, "MKT-Araz” və "Simurq”da 1 olub.
Əcnəbilərdən 7-si postsovet məkanının 2 ölkəsini təmsil edib. Bunlar Ukrayna ilə Gürcüstandır.
Əcnəbi baş məşqçilərin ilkləri
Xarici mütəxəssisin klubumuzla avrokuboklarda debütü 2005/06 mövsümündə olub. R.Kara 2005-ci ilin iyulun 14-də "Xəzər Lənkəran”la UEFA kubokunun ilk təsnifat mərhələsində Moldovada "Nistru”ya 1:3 hesabı ilə uduzub.
Çempionlar Liqasında (ÇL) debüt 2008/09 mövsümündə V.Xodukinlə bağlıdır. Təcrübəli mütəxəssis 2008-ci ilin iyulun 15-də Makedoniyanın "Rabotniçki” klubu ilə evdə qolsuz bərabərliyə qalıb. Bu, əcnəbilərin qazandığı ilk xal olub. O, bu rəqiblə iyulun 22-də Skopyedə keçirilən cavab matçında 1:1 hesablı heç-heçə etməklə ÇL-də ilk mərhələ adlayan əcnəbi baş məşqçimiz olub.
Avrokuboklarda ilk qələbəni İ.Nakoneçnı qazanıb. O, "MTK-Araz”ın baş məşqçisi kimi İntertoto kubokunda 2006-cı ilin iyunun 16-da İmişlidə Moldovanın "Tiraspol” klubuna 1:0 hesabı ilə qalib gəlib.
ÇL-də ilk qələbəyə isə Q.Hacıyevski nail olub. Bu, Avropanın ən nüfuzlu klub turnirinin I təsnifat mərhələsində 2009-cu ilin iyulun 21-də Litvanın "Ekranas” klubu üzərində Bakıda 4:2 hesablı qələbədir.
Avrokubokarda ilk dəfə mərhələni A.Demyanenko keçib. O, İntertoto kubokunda 2008-ci ilin iyunun 28-də Slovakiyada "Nitra”ya 1:3 hesabı ilə uduzsa da, cütün qalibi olub. Çünki Bakıda keçirilən matç 2:0 hesablı qələbəmizlə nəticələnib və səfər qolu həlledici rol oynayıb.
Azərbaycanın avrokuboklar tarixində 1 mövsümdə ilk dəfə 2 mərhələ keçən məhz əcnəbi mütəxəssis olub. Bu, 2008/09 mövsümündə İntertoto kubokunda onu reallaşdıran elə A.Demyanenkodur. O, Slovakiyanın "Nitra” (evdə 2:0, səfərdə 1:3) və Belçikanın "Jerminal” klubunu (səfərdə 1:1, evdə 1:0) keçib.
R.Qriqorçuk isə qrupa düşən ilk və hələ ki yeganə əcnəbi mütəxəssisdir. O, 2015/16 mövsümündə "Qəbələ” ilə Avropa Liqasında 4 mərhələ keçməklə buna nail olub. Ukraynalı mütəxəssis bu klubla ardıcıl 2 mövsüm 4 mərhələ keçməklə qrupa düşüb. Təbii ki, qrupda bütün ilklər – oyun, qələbə, xal, qol məhz R.Qriqorçukun adı ilə bağlıdır.
84 oyun, 24 qələbə, 22 heç-heçə, 38 məğlubiyyət
Əcnəbi mütəxəssislər klublarımızla ümumilikdə 84 oyun keçirib. Ən çox oyun R.Qriqorçukun payına düşüb - 28. 51 yaşlı ukraynalı mütəxəssis cəmi 2 mövsüm avrokuboklarda iştirak etsə də, təsnifat və qrup mərhələ oyunların sayəsində aşkar liderdir. Çünki onun ən yaxın izləyicisi olan gürcü həmkarı K.Tsxadadze 16 matç keçirib.
O da ən yaxın izləyicilərini böyük fərqlə - 10 oyun qabaqlayır.
Əcnəbilər 24 qələbə qazanıb ki, bunu 8 məşqçi bacarıb. Qələbə sayında K.Tsxadadze ilə R.Qriqorçuk şərikli liderdir – hərəyə 8 qələbə. Sadəcə, fərq ondadır ki, gürcü mütəxəssis oyunların yarısında, ukraynalı həmkarı 1/3-də sevinib. Onların hər biri ümumi qələbə sayıının 1/3-nə imza atıb. Qəbələ sayında 3-cü olan A.Demyanenko buna 3 dəfə nail olub. Onun 6 matç keçirdiyini nəzərə alsaq, yarısında qələbəyə sevinib. Digər 5 məşqçi – İ.Nakoneçnı, Z.Svanadze, V.Şefer, C.Toşak və Q.Hacıyevski hərəyə 1 dəfə qalib gəlib. V.Xodukin, R.Pokora, M.Rednik, D.Muntyanu və R.Karada qələbə yoxdur. V.Xodukin mərhələ keçsə də, bu, qələbə yox, səfər qolu sayəsində reallaşıb.
Legioner baş məşqçilər 22 dəfə heç-heçə edib. Bunlardan 9-u həmin nəticəyə imza atıb, 4-i isə yox. Heç-heçə R.Qriqorçukda hamıdan çoxdur – 9. Z.Svanadzenin 6 oyundan 4-dən "sülh”lə ayrılması diqqət çəkir.
Əcnəbi mütəxəssislər 38 məğlubiyyət alıb. Onlar arasında uduzmayan yoxdur. Oyun, qələbə, heç-heçə-heə sayında olduğu kimi, ən çox məğlubiyyət R.Qriqorçukun payına düşür - 14. Bu oyun sayının çoxluğu ilə bağlıdır. Ukraynalı mütəxəssis "Qəbələ” ilə Avropa Liqasında 28 matç keçirdiyini nəzərə alsaq, yarısında uduzub. Üç məşqçi – R.Kara, R.Pokora və D.Muntyanu bir qayda olarüq uduzublar.
Klublarımız əcnəbi baş məşqçilərin rəhbərliyi altında avrokuboklarda 84 qol vurub, 117-ni buraxıb. R.Pokora ilə D.Muntyanu qol üzünə də həsrət qalıblar. Ən çox qola isə təbii ki, R.Qriqorçuk sevinib – 31 dəfə. Gözlənildiyi kimi, 2-ci yerdə K.Tsxadadzedir – 23. Onlar buraxılan qollarda da ilk pillələrdədir. Bu, R.Qriqorçukda 39, K.Tsxadadzedə 15-dir.
"İnter"ə bağlı olan əlavə vaxtlar
Əcnəbi baş məşqçilərin dövründə 3 dəfə əlavə vaxt olub. Bunun 3-ü də "İnter”lə bağlıdır. İki dəfə mübarizənin taleyi oyunsonrası penaltilərədək gedib. "Bankirlər” "Lex”ə səfərdə bu "lotereya”da uduzubsa, "Elfsborq”dan evdə üstün olub. "Hafnarfyordur”la "İnter Arena”dakı matçda isə əlavə vaxtda vurulan qolla cütün qalibi ola bilmişik.
2009/10 mövsümü
Çempionlar Liqası, II təsnifat mərhələsi
"İnter” – "Lex” (Polşa): Evdə 0:1, səfərdə 1:0 – penaltilərlə 9:8
Baş məşqçi: K.Tsxadadze
2014/15 mövsümü
Avropa Liqası, II təsnifat mərhələsi
"İnter” – "Elfsborq” (İsveç): Səfərdə 1:0, evdə 0:1 – penaltilərlə 4:3
Baş məşqçi: K.Tsxadadze
2015/16 mövsümü
Avropa Liqası, II təsnifat mərhələsi
"İnter” – "Hafnarfyordur”: Səfərdə 2:1, evdə 2:1 - əlavə vaxtda 2:2
Baş məşqçi: Z.Svanadze
Əcnəbi mütəxəssislər müxtəlif turnirlər üzrə
Əcnəbi baş məşqçilərin qrupda iştirakı yalnız R.Qriqorçukla bağlıdır. "Qəbələ” onun rəhbərliyi altında Avroliqanın bu mərhələsində 12 oyunda 2 xal toplayıb (topların fərqi 7-26).
ÇL-də 3 xarici mütəxəssis 10 oyun keçirib. V.Xodukinlə Q.Hacıyevskidə hərəyə 4 matçdır. K.Tsxadadzenin hesabında isə 2 oyun var. Əcnəbilər bu 10 qarşılaşmada 2 qələbə qazanıb, 5 heç-heçə edib, 3 məğlubiyyət alıb. Qalibiyyətlər K.Tsxadadze ilə Q.Hacıyevskinin adı ilə bağlıdır.
ÇL-dən Avropa Liqasına keçən yeganə əcnəbi mütəxəssis Q.Hacıyevskidir. Makedoniyalı baş məşqçi 2009-cu ildə "Bakı” ilə Bolqarıstanın "Levski” klubuna uduzduqdan (evdə 0:0, səfərdə 0:2) sonra mübarizəni Avroliqanın pley-off mərhələsində davam etdirib və İsveçrənin "Bazel” klubuna rəqib olub – evdə 1:3, səfərdə 1:5. Ümumiyyətlə. Q.Hacıyevski Azərbaycanda ilk dəfə pley-offun iştrakçısı olub.
Avropa Liqasında 11 əcnəbi baş məşqçi iştirak edib. Bunlar A.Demyanenko ilə V.Xodukindən başqa hamısı olub. Matçların sayı 66-dır. Ən çox R.Qriqorçukla (28), K.Tsxadadze (14) oyun keçirib. Qələbə sayı 18-dir ki, R.Qriqorçuk 8, K.Tsxadadze 7 dəfə buna nail olub. Əcnəbilər Avroliqada 18 dəfə heç-heçə edib, 32 dəfə məğlub olub (topların fərqi 67-97).
İntertoto kubokunda 8 oyundan 6-da A.Demyanenko, 2-si İ.Nakoneçnının payına düşür. Qazanılan 4 qələbədən 3-nə A.Demyanenko imza atıb. Yeganı heç-heçə də onunla bağlıdır. Üç məğlubiyyətdən 2-i A.Demyanenko, 1-ni İ.Nakoneçnı alıb. İntertoto kubokunda topların fərqi 8-9-dur.
Ən çox mərhələ keçənlər
Əcnəbi mütəxəssislər klublarımızla 18 dəfə mərhələ keçib ki, buna 7-si nail olub. R.Qriqorçuk 8, K.Tsxadadze 3, Z.Svanadze, A.Demyanenko 2, C.Toşak, Q.Hacıyevski, V.Xodukin hərəyə 1 dəfə cütün qalibi olub.
Xarici baş məşqçilərin qazandığı ən böyükhesablı qələbəyə K.Tsxadadze imza atıb. O, "İnter”lə 2012/13 mövsüümnüdə Avropa Liqasının ilk təsnifat mərhələsində Estoniyada "Trans”a 5:0 hesabı ilə qalib gəlib. Bu, eyni zamanda avrokuboklarda ən böyükhesablı qələbəmizdir. R.Qriqorçuk həmin turnirin ilk təsnifat mərhələsində bu yay "Bakcell Arena”da Gürcüstabın "Samtredia” klubuna 5:1 hesabı ilə məğlub etməklə 2-ci göstəriciyə imza atıb.
Qeyri-peşəkarlığın nəticəsi olan qara tarix
Avrokuboklarda bizim üçün xoş olmayan xatirə yada saldığımız, qeyri-peşəkarlığın nəticəsi olan bir oyun məhz əcnəbi mütəxəssisin komandası ilə bağlıdır. Bu, V.Şaferin baş məşqçisi olduğu "Bakı”nın 2010/11 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovinanın "Buduçnost” klubu ilə duelidir. Onda "zolaqlılar” evdə 2:1 hesabı ilə qalib gəlsə də, heyətində meydana çıxan kamerunlu yarımmüdafiəçisi Joel Epalle cəzalı olduğundan UEFA tərəfindən nəticə ləğv olunaraq 0:3 hesablı texniki məğluiyyət alıb. Podqoritsadakı matçda da "Bakı” qalib gəlsə də (2:1), cütün qalibi rəqib olub.
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib