1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çəpərsərçəsi
Azərbaycan Premyer Liqasının antrikot təqvimi var. Çempionatımız "qucaqdan-qucağa tullanma" üsulu ilə keçirilir. Özü də kimlərin qucağına?! Bəli, çempionluğa iddialıların.
Mövsüm başlayandan istənilən komanda əvvəlcə "Qarabağ"la qarşılaşıbsa, növbəti tur "Qəbələ"yə, ardından "İnter"ə rəqib olur. Ardıcıllıq yalnız bu 3 klubdan 2-nin bir-biri ilə üz-üzə gəldiyi zaman pozulur. Belə halı ən azı 1999-cu ildən bu yana müşahidə edə-edə gəlirik. Çünki təqvimi quran eyni şəxsdir: Məlik Həsənov. O vaxtlar AFFA-da yarışların Təşkili və Keçirilməsi şöbəsinin rəhbəri idi, indi isə Peşəkar Futbol Liqasının baş direktoru.
1999-2000 mövsümündə bu sistemlə "Şəmkir"i çempion etmişdilər. "Neftçi"nin mərhum baş məşqçisi Əhməd Ələsgərov elə hey şikayətlənirdi ki, komandalar bizimlə oynayanda bütün qüvvə ilə müqavimət göstərirlər, növbəti tur "Şəmkir" qarşısına gücləri tükənmiş halda çıxırlar. Nəticədə biz itiririk, "Şəmkir qazanır.
Belə təqvim tərtib etməsinin səbəbini iki gün əvvəl Məlik müəllimin özündən də soruşduq. Dedi ki, dünyada bir neçə təqvim modeli var. Biz də onlardan birini illərdir istifadə edirik. Bu model aparıcı çempionatlarda da istifadə olunur.
Ötən gün "Böyük beşlik" ölkələrinin təqviminə göz gəzdirdik. İspaniya La Liqasından başqa heç bir çempionatında bu halla rastlaşmadıq. Yekunda belə nəticəyə gəldik: Elə İspaniya La Liqasındakı təqvim modelinin Azərbaycan Premyer Liqasında da tətbiqi təsadüfi deyil. Müqayisə çoxlarına qəribə gələ bilər. Amma oranın da "Qarabağ"la "Qəbələ"si - "Barselona" ilə "Real Madrid"i, bir də fürsət gözləyən "İnter"i - "Atletiko"su var. Və bir də... Oranın da, adı bizimki qədər də məşhur olmasa da, Xaqani Məmmədovu, bizimkilər kimi səhvləri başdan aşan hakimləri var.
Bilirsiniz, təqvimin "qucaqdan-qucağa tullanma" üsulu ilə keçirilməsi həm də nə üçündür? İki prinsipial komandaya dalbadal rəqib olan hər hansı kluba qarşı hakim səhvlərini elə səhvlə sığortalamaq üçün. Qış fasiləsində Antalyada pəh-pəhlə təlim-məşq toplanışı keçən Xaqani Məmmədovun yetirmələri mövsümün ikinci hissəsi başlanandan sonra "məharət"lərini göstərməkdədirlər. Bir oyunda top əli tapır, o birində əl topu, birində ayaq qıçı tapır, o birində qıç ayağı. Birində yan xətt hakiminin bayrağı qalxmır, digərində vaxtından tez qalxır. Birində Xaqani Məmmədov epizodun təkrarına telefonla baxıb qərar verir, digərində Ramin Musayev başda olmaqla, PFL-in bütün kameramanlarının görüntülərini ortaya qoyub, bircəciyindən özlərinə sərf edən epizodu tapırlar.
İş elə gətirib ki, Xaqani Məmmədovun gözünün ağı-qarası Əliyar Ağayevlə Ömər Paşayev məhz İspaniyadan təzəcə qayıdıblar. Oradan Hakimlər Komitəsi sədrinin tez-tez istinad etdiyi yeni-yeni UEFA təlimatları gətiriblər. Elə həmin o yeni təlimatda yazılıb ki, artıq baş hakimlər zəhmət çəkib öz oyunlarını mətbuata şərh etməlidirlər. Bəli, orada lap elə beləcə də yazılıb. Qalan "hədislər"i Məmmədov hər həftənin bazar ertəsi "moizə" ilə xalqa çatdıracaq.
Bunlar öz yerində. Mövsümün ikinci yarısı başlanandan hakimlər əvvəlcə "Qarabağ"ın, sonra "Qəbələ"nin lehinə səhvlər edirlər. "İnter"ə çatanda yadlarına düşür ki, oyunu obyektiv idarə etmək lazımdır. "Qarabağ" da deyir ki, istəmirik köməyinizi, "Qəbələ" də. Amma bunlar təmənnasız və ya təmənnalı xidmətlərini təklif etməkdən yorulmurlar. Sonra da Xaqani Məmmədov çıxıb deyir ki, sən də hakimin xeyrinizə səhvindən xal qazanmısan, sən də. Bizim hakimlər qərəzli olsaydılar, heç o xalı bağışlamazdılar.
Ötən gün də Xaqani Məmmədovun layiqli davamçısı İnqilab Məmmədov Qəbələdə meydan sahiblərinin futbolçusu Daniel Subotiçin voleybol oynadığını görməyib. Özü də şəxsən Ramin Musayevin izlədiyi oyunda. Duman olsaydı, deyərdi ki, görsənmirdi. Amma tərslikdən, kosmosdan baxanda da əllə oyun görünürdü. Buna bənzər iki epizod əvvəllər iki dəfə olmuşdu. Birincisində "Qarabağ"ın lehinə "Qəbələ"nin, ikincisində isə "Neftçi"nin qapısına penalti təyin olunmuşdu. Bəs niyə bu dəfə AZAL-ın təmiz penaltisi verilmədi?
Bax, bizim hakimliyimiz də təqvimimizin günündədir. Hakimlər də əvvəlcə "Qarabağ", sonra "Qəbələ" ilə qarşılaşan klublar kimi bu iki komandanın lehinə yol verdikləri səhvi növbəti oyunda səhvlə sığortalayırlar. Nə yaxşıdır ki, təqvim də buna imkan verir...
Budaqdan-budağa tullanana çəpərsərçəsi deyirlər, bəs qucaqdan-qucağa tullanana?