Dino Ndlovu "Qarabağ”ın cari çempionatda yeni bombardirinə çevrilib. Sportnet.az-ın məlumatına görə, cənubu afikalı hücumçu debüt mövsümünü keçirdiyi Azərbaycan Premyer Liqasında 5-ci qoluna imza atıb.
Bu, "Zirə”yə evdə 2:0 hesabı ilə qalib gəldikləri matçın 47-ci dəqiqəsində oyunda son nöqtəni qoymaqla reallaşıb.
Nəticədə Ndlovu cari çempionatda 4 qolla "Qarabağ”ın ən sərrast oyunçusu olan, qış fasiləsində Türkiyənin "Adanaspor” klubuna keçən braziliyalı həmkarı Reynaldo Silvanı keçib.
Maraqlıdır ki, Dino bütün qollarını evdə - "Azərsun Arena”da vurub. Özü də adətən ikinci hissədə fərlqənən legioner yalnız "Kəpəz”lə Suraxanadkı matçda fasiləyədək – 17-ci dəqiqədə rəqib qapısına yol tapıb.
"Zirə” ilə oyunun 13-cü dəqiqəsində hesabı açan Əfran İsmayılov isə cari çempioinatda qol hesabını açıb. Millimizin da üzvü olan təcrübəli yarımmüdafiəçi "Qarabağ”da bu Premyer Liqada qol vuranların sayını 15-ə çatdırıb. Düzdür, onlardan 1-i "Neftçi”nin braziliyalı müdafiəçisi Jayro Rodrigesdir ki, həmin legioner "Qarabağ”la 2 oyunda 2 avtoqol edib.
Reynaldo ilə yanaşı, Dani Kintana da bu "Qarabağ”da qollarının sayını artıra bilməyəcək. Çünki hesabında 3 qol olan ispaniyalı yarımmüdafiəçi ağır zədə üzündən cari mövsümü erkən bitirib. Millimizin futbolçuları Maksim Medvedevlə Rahid Əmirquliyevlə Ağdam klubunda bu çempionatda hərəyə 3 qol müəllifidir. Əcnəbi yarımüdafiəçilər – makedoniyalı Muarem Muaremlə ispaniyalı Miger Madera hərəyə 2 dəfə fərqlənib. Müdafiəçilər İlqar Qurbanovla Elvin Yunuszadə, yarımmüdafiəçilər - braziliyalı Riçard Almeyda, Coşqun Diniyev, mərakeşli Əl-Hərbi Əl-Jadeyru və hücumçu Mahir Mədətov hərəyə 1 qol vurub.
Xatırladaq ki, Ndlovu "Qarabağ”da ümumilikdə 3 turnirdə qol vurub. Bu, eyni zamanda hərəsində 1 dəfə fərqləndiyi Azərbaycan Kuboku və Avropa Liqasıdır.
Mehman SÜLEYMANOV