1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA-nın lap sonuncu tövsiyəsi
Azərbaycan futbolunda intriqa çoxdan ölüb, məzarının üstünü qamış da basıb. Tərifləmək, malalamaqla deyil. Boş tribunalar buna bariz misaldır. Adını Premyer Liqa qoyduqları yarış insanlarımız üçün maraqsızdır. Stadiona 3-5 adam gəlir, onların da əksəriyyəti meydanda olanların qohum-əqrəbası, dost-tanışıdır. Bəzi matçlarda polislərin sayı mülki geyimdə olanlardan çox olur.
Uzağa getməyək, son turlara nəzər salaq. Təsəvvür edin, çempionluğa oynayan "Qəbələ”nin "Neftçi” ilə ev matçını 1200, AZAL ilə görüşünü isə 1000 nəfər izləyib. Lider "Qarabağ”ın 3-cü sıradakı "İnter”lə duelinə baxmağa 500 nəfər gəlib. "Zirə” ilə qarşılaşmada isə "Azərsun Arena”da 700 adam olub.
Matçların protokolundan əldə etdiyimiz rəqəmlər cüzi şişirdilmiş olsa da, reallığı əks etdirir. Normal futbol ölkəsində Ağdam klubunun "İnter”lə görüşünü daha çox azarkeş canlı izləməlidir. Elə "Qəbələ”nin AZAL-la müqayisədə "Neftçi” ilə duelinə cəmi 200 nəfər çox şəxsin gəlməsi anormallıqdır. Lakin burda yuxarıda qeyd etdiyimiz qanunauyğunluq var: klubların ev oyunlarına eyni adamlar gəlir – dost-tanış, qohum-əqrəba və az sayda futbola marağı olan şəxslər.
Tribunaların boş qalmasının səbəbləri çoxdur, bunları sadalamaq niyyətində deyiləm. Başlıca amil Azərbaycanın futbol ölkəsi olmamasıdırsa, digər əsas səbəb Premyer Liqada ədalətli oyunun təmin edilməməsidir. Bu barədə çox yazılıb, danışılıb, müzakirələr aparılıb. Ciddi bir dəyişiklik olubmu? Xeyr!
Bu gün gəldiyimiz qənaət budur ki, hakimlik Azərbaycan futbolunun xərçəngidir. Mətbuatın səyləri hələlik öz bəhrəsini vermirsə, bu, məsələyə biganə qalmaq üçün əsas deyil. Çünki bu xərçəngdən qurtulmadan mövcud tablo dəyişməyəcək.
Bəli, hakim səhvləri futbolun oynandığı bütün yarışlarda var. Ancaq indiki halda söhbət səhvdən yox, qərəzdən gedir. Təcrübəli futbol adamları, jurnalistlər üçün səhvlə qərəzi bir-birindən ayırd etmək elə də çətin məsələ deyil. Referinin 5-6 dəfə fit səsləndirməsi kifayətdir ki, onun əsl məqsədini anlayasan.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov hər nə qədər hakimləri müdafiə etsələr də, gerçəkləri özləri də gözəl bilirlər. Aşkarda onları qorumaqla deyil ki... Daldada qərəzli qərarlar verənlərin, söz dinləməyənlərin boğazlarından yapışdıqlarından xəbərdarıq.
Xaqani Məmmədovun savadına şübhəmiz yoxdur. Hakimlik işində kifayət qədər təcrübəsi var. Ancaq hər dəfə aşkar səhvlərə yol verən yetirmələrini müdafiə etməklə özünü gözdən salmış olur. Doğrudanmı sədr kreslosu şəxsi imicdən üstündür? Vəzifə naminə kimliyini qurban verməyə dəyərmi? "Top əli tapdı, əl topu yox”, "Top əvvəlcə dizə, sonra buruna, sonra da dirsəyə dəydi", "UEFA-ın son tövsiyələrində belə deyilir”, "Quran”ın filan ayəsində bu cür yazılıb”, "Peyğəmbərin filan hədisində həmin epizoda yer verilib" kimi bəhanələrə, malalamağa nə gərək var, axı?! Olmazmı ki, etiraf edəsiniz: Hakimlərin bacardıqları budur. Qərəzə gəlincə, bu da olan şeydir. Əsas məsələ qərəzə yol verənin hakimlikdən ömürlük uzaqlaşdırılmasıdır. Bu isə çoxdandır baş vermir. Bilərəkdən, ya bilməyərəkdən göz yumulur.
Onsuz da milli komandasının futbolçularının Biləcəridən o yana gedə bilmədiyi ölkənin insanından fövqəladə hakimlik gözləmirik. Bu bataqlıqda Əliyar Ağayev kimi bir referi yetişibsə, böyük işdir.
AZAL-ın vitse-prezidenti Fikrət Hüseynovun da dediyi kimi, bu, simpatiya çempionatıdır. Qərəzli qərarlar da həmin simpatiyanın "məhsuludur”. Simpatiya isə təsadüfən yaranmır. Rəğbət qarşılığında əllərinə bir şey çatmasa, bu "sevgi” gec-tez tükənər. Simpatiyanı davamlı edən yalnız pul deyil. "Delovoy” adamlardır, başqa vasitələrlə də ödəşirlər.
Bir də zorla "sevgi” var. Heç kimə sirr deyil ki, bəzi klub idarəçilərinin AFFA-da sözü keçir. Onların oyunlarını özlərinə sərf edəcək şəkildə idarə etməyənləri cəzalandırırlar. Cəza deyərkən, həmin adamlara təyinat verilmir. Bax, hakimlik bu qədər çətin işdir. Hər kəslə dil tapmalısan, sözəbaxan olmalısan. Bu şərtləri qəbul edənlər işləyir. Qərəzə görə söyüş yeyəsi olmaq? Bu qulaqdan alıb, digərindən buraxırsan...
Ən yaxşısı, UEFA-nın lap sonuncu tövsiyəsini gözləməkdir...
Turan SƏFƏRLİ