Azərbaycan və İslandiya yığmaları arasında keçirilmiş 2026-cı il dünya çempionatının seçmə oyunu zamanı tribunadakı azarkeşlərdən biri diqqət mərkəzinə düşüb.
Sportnet.az xəbər verir ki, yeniyetmə fanat oyuna islandiyalı futbolçulardan birinin həyat yoldaşı ilə birlikdə çəkdirdiyi və çərçivəyə salınmış fotosunu gətirib.
Həmin fotoda Stefan Teytur Tordarsson və həyat yoldaşı Syonn Ros Rixardsdottir yer alıb. İngiltərənin aşağı liqasında "Preston Nort End" komandasının yarımmüdafiəçisinin İnstaqram səhifəsindən götürülmüş bu foto 2024-cü il dekabrın 25-də Milad bayramı vaxtı çəkilib. Hazırda cütlük İngiltərədə yaşayır.
Azarkeş ehtiyatda olan Tordarssonun meydançaya çıxmasını sonadək gözləməyib. 27 yaşlı futbolçu yalnız 89-cu dəqiqədə oyuna daxil olub.
İslandiyalı jurnalistlər azərbaycanlı fanatın matçın keçirildiyi "Palms Sports Arena"ya bu cür gəlişini təəccüblə qarşılayıblar. Səbəb isə onlara sonadək qaranlıq qalıb.
Qeyd edək ki, noyabrın 13-də keçirilmiş oyun İslandiya millisinin qələbəsi ilə yekunlaşıb - 2:0.










































































