Mehman SÜLEYMANOV
Hələ başlanmasınadək böyük ajiotaj doğuran, gözlənildiyi kimi də futbol bayramına çevrilən "Qəbələ” – "Qarabağ” matçı. Qəbələdəki zirvə döyüşü "19-lar”ın günü kimi yadda qaldı. Məhz 19 rəqəmi öz damğasını vurdu turun mərkəzi oyununa.
Belə götürəndə, 19 futbolda xüsusi rəqəm sayılmır. Hər halda, milyonların sevimlisi olan bu "1 nömrə”li idman növündə 7, 9, 10, 11 nömrəli futbolçular daha məşhur olublar. "19” nömrə"li ulduz isə demək olar yada düşmür. Ancaq "Qəbələ"də bu nömrəni daşıyan ulduz futbolçu var. Bu, artıq Xorvatiya milli komandasına da çağırılan Filip Ozobiçdir. "Qəbələ"nin "19 nömrə"si təkcə öz komandasında yox, ümumiyyətlə, Azərbaycan Premyer Liqasında "at oynadır". Artıq hesabında 11 qol var və cari çempionatımızın aşkar bombardiridir. Həmin Ozobiç bu qollardan 3-nü "Qarabağ"a vurub. Yəni "19 nömrə" son 3 mövsümün çempionu ilə hər görüşdə qol vurmamış meydanı tərk etmir.
Filipin bu dəfə fərqləndiyi tur da 19, oyunun keçirildiyi gün də 19 idi. Yəni "Qəbələ"nin "19 nömrə"si 19-cu turda fevralın 19-da öz sözünü dedi, bütün qəbələliləri cuşa gətirdi, Qəbələ stadionunu coşdurdu. Oyunun baş hakimi Fariz Yusifov final fitini səsləndirərək "Qəbələ"nin tarixi qələbəsini elan etdiyi zamanı 19-lar öz yerini tutmuşdu. Axı həmin vaxat saat 19:19 idi.
Ozobiçə gözəl, zərgər dəqiqliyi ilə ötürməni verən Nika Kvekveskiri də 19-u sevir. Axı gürcü yarımmüdafiəçi ayın 19-da (yanvarın 19-da) dünyaya gəlib və 1 ay öncə 27 yaşının tamam olmasını qeyd edib.
"Qəbələ"nin 2:0 hesabı ilə qalib gəldiyi matçda ilk qolun müəllifi olan legioneri - estoniyalı Sergey Zenyov da 9 rəqəmini sevir. "Qırmızı-qaralar"ın "9 nömrə"si hələ fasiləyədək hesabı açmaqla qələbənin təməlini qoydu.
Göründüyü kimi, Qəbələdəki matçfa 9, əsas da "19-lar"la bağlı maraqlı təsadüflər yetərincədir. Daha bir maralı məqam odur ki, "Qarabağ"ın 19-la heç arası yox imiş. Hər halda, bu komandada bu nömrəni daşıyan futbolçunun olmamağı diqqətimizdən yayınmadı. Bəlkə də olsaydı, həmin "19 nömrə" ayın 19-da 19-cu turun matçında, bəlkə də 19-cu dəqiqədə öz sözünü deyərdi.
Ancaq hələ hər şey bitməyib. Bəlkə "Qarabağ" axtardığı yeni hücumçunu "Qəbələ" ilə son qarşılaşmayadək heyətinə cəlb edəcək və ona məhz "19 nömrə"li formanı verəcək. O da "Azərsun Arena"dakı həlledici matçda fərqlənərək öz sözünü deyəcək. Həmin oyunun da 9-a bağlığı var. Axı "Qarabağ" "Qəbələ"ni aprelin 9-da qəbul edəcək....