
"Səfərdə yaxşı nəticə əldə etdik. Fikrimcə, bu işi evimizdə bitirə biləcəyik". Sportnet.az-ın məlumatına görə, bunu Hollandiya "Tvente"sinin yeni transferi Hakim Ziyeh "Qarabağ"la Avropa Liqasının ilk "pley-off" matçından sonra deyib.
21 yaşlı yarımmüdafiəçi Tofiq Bəhramov adına Respublika stadionundakı ab-havadan razı qaldığını bildirib: "Burada xeyli fanat var idi və bu atmosfer bizə zövq verirdi. Gələn həftə bu azarkeşlər bizdən uzaqda olacaq və tam gücümüzlə oynayacağıq".
Qeyd edək ki, "Qarabağ" - "Tvente" matçında hesab açılmayıb. Cavab görüşü avqustun 28-də olacaq.