"Azərbaycanda gələcəklə bağlı plan qurmaq olmur fikrim həqiqəti əks etdirir. Buna gülsələr də, razılaşan çox oldu". Bu sözləri Sportnet.az-a açıqlamasında "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.
O bildirib ki, dünya futbolundan fərqli olaraq, Azərbaycan futbolunda gələcəklə bağlı plan qurmaq qeyri-mümkündür: "Gələcəyi fikirləşməyi xarici komandalara aid edə bilərəm. Baş məşqçi gəlir, 3-4 illik müqavilə imzalayır, klub rəhbərliyi ilə qarşıdakı planlarla bağlı söhbət edir. Bunun əsasında nəticə haqda düşünürlər. Bizim kluba aid edə bilmərəm, amma Azərbaycan futbolunda 2 oyundan sonra da hər şey ola bilər, 1 il sonra da. Üç aydan sonra isə klub hətta dağıla da bilər. Məncə, gələcək haqda heç kəs fikirləşmir və düz də edirlər".
Abasov komandada qalmasının da qaranlıq olduğunu bildirib: "İnandırım sizi, Azərbaycan futbolunda hər şey ola bilər. O cür köklü klublar indi çempionatda yoxdursa, nə deyim, vallah... Nə bilmək olar, yayda özüm burda qalacağam, ya yox".
Qeyd edək ki, Premyer Liqada ən gənc baş məşqçilərdən olan 39 yaşlı Samir Abasov 2-ci mövsümdür "Sumqayıt"a rəhbərlik edir.