"Son turlarda alınan nəticələr bizi rəqibdən asılı olmayaraq, bu görüşdə də qələbəyə oynamağa məcbur edirdi. Ona görə də "Qəbələ” ilə matça 3 xal üçün çıxmışdıq".
Bunu Sportnet.az-a açıqlamasında "Kəpəz"in futbolçusu Şəhriyar Rəhimov Azərbaycan Premyer Liqasının XX turunda "Qəbələ" ilə evdə 1:1 hesablı heç-heçə etdikləri matçı dəyərləndirərkən deyib.
O, komandasının son 3 oyunda göstərdiyi əzmkarlığa diqqət çəkib: "Matça da yaxşı başladıq və qol epizodları yaratdıq. İstədiyimiz qolu da vurduq. Ancaq biz bilirdik ki, "Qəbələ”yə də 3 xal lazım idi. Buraxılan qoldan sonra daha çox hücuma keçdilər. Ondan sonra hesabı bərabərləşdirdilər və görüşdən 1 xalla ayrıldıq. "Kəpəz” son 3 oyunda yaxşı oyun göstərir. Çalışacağıq ki, bunun davamını gətirək və yaxşı oyunu, həm də yaxşı nəticələrlə yekunlaşdıraq”.
Rəhimov 36-cı dəqiqədə fərqləndiyi epizodda ofsaydın olması ilə bağlı iddialara da münasibət bildirib: "Qəbələ”ni də başa düşürəm, onların əlehinə çox səhvlər olub. Ancaq təkrara da baxanda görünür ki, mən və "Qəbələ”nin futbolçusu eyni xətdəyik. Çox çətin epizod idi”.
28 yaşlı yarımmüdafiəçi Nika Kvekveskiri və Nicat Qurbanova göstərilən qırmızı vərəqə haqda isə bunu söyləyib: "Qırmızı vərəqə epizodunu tam görməsəm də, futbolçular bir-biirinə zərbə vurubsa, baş hakimin qərarı haqlıdır. Epizoda uzaq olduğumdan, dəqiq görmədim. Ancaq futbolçular qarşılıqlı bir-birinə zərbə endirirsə, bu, qırmızı vərəqədir".