"İnter"in baş məşqçisi Zaur Svanadze "Qəbələ"yə 0:2 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın oyunda olan əməkdaşının məlumatına görə, gürcüstanlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Məğlubiyyətin səbəbini nədə görürsünüz?
- Etiraf edim ki, komanda yorğun görünürdü. İlk hissədə heç nə ilə yadda qalmadıq. İkinci hissədə bir qədər artırdıq. Amma bu anda qol buraxdıq. "Qəbələ” güclü komandadır. Növbəti görüşə hazırlaşmaq lazımdır”.
- Samir Zərgərov və Pərdis Fərcad-Azad meydana daxil olana qədər komanda müdafiədə yaxşı təsir bağışlayırdı. Məhz bu dəyişikliklərdən sonra qollar buraxdınız. Bu əvəzetmələri düzgün hesab edirsiz?
- Onların meydana girməsi taktiki dəyişiklik deyildi. Hər iki futbolçunun fərqlənmək imkanı oldu. Hesab 0:0 olarkən Samirin yaxşı qol imkanı oldu.
- 4-cü pillə ilə 2-ci yerdə gedən komandalarla aranızda xal fərqi çoxdur. Bu amil futbolçuların oyunlara köklənməsinə problem yaratmır?
- Rahatlaşmırıq. Aşağıdakı komandalarla fərq o qədər də böyük deyil. "Qarabağ”a uduzsaydıq, aradakı fərq azalardı. Komanda arxayınlaşmır.
- Bu gün futbolçularda "Qarabağ”a qarşı sərgilənən əzmkarlığı görmədik. Bunun səbəbi yalnız yorğunluqdur?
- Hazırda 24 futbolçumuz var ki, onlardan 8-9-u gəncdir. 3 qapıçı da bura daxildir. Məcburuq ki, onları oynadaq. Yaranacaq fasilədən sonra 2-3 gündən bir oyun oynayacağıq. Bu isə bizə çətinlik yaradacaq. Çünki ehtiyat qüvvəmiz azdır.
- Maaşların verilməsi məsələsində yeni xəbər varmı?
- Deyiblər ki, ayın 10-na qədər maaşlar veriləcək.