Sportnet.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqaməti üzrə "Yubilyar Azərbaycan millisi" layihəsində silsilə yazılarını başa vurur. Sonuncu - on ikinci yazı "Millimizdə milliləşmə: Tarix necə başlayıb?" mövzusundadır.
1996-cı ildə İdiqovla başlayan yol və həmyerlilərinin hegemonluğu
1992-ci ilin sentyabrın 17-də yaranan Azərbaycan milli komandası ilk illərdə yalnız yerli futbolçuların xidmətindən yararlanıb. Milliləşdirmə AFFA-nın sabiq prezidenti Fuad Musayevin vaxtında - 1996-cı ildə Kazbek Tuayevin baş məşqçiliyi dövründə start götürüb. Milliyətcə osetin olan bu mütəxəssis tarixi vətəni Rusiyadan yığmamıza fubolçular cəlb etməyə başlayır. Həmin ildə 4 nəfər debüt edir. Bunlar qapıçı Kazemir Qudiyev, müdafiəçi Deni Qaysumov, hücumçular Deni Qaysumovla İbrahim Həsənbəyov olur. Onlardan Qaysumovla İdiqov ilk rəsmi qələbəmiz - 1996-cı ilin sentyabrın 31-də İsveçrə yığmasını Tofiq Bəhramov adına Respublika stadionunda 1:0 hesabı ilə məğlub etdiyimiz matçda meydanda olublar.
Yeri gəlmişkən, R.İdiqov yığmamızda həm debüt edən, həm də qol vuran ilk milliləşən legionerdir. Onun Azərbaycan millisində ilk oyunu 1996-cı ilin fevralın 16-da Estoniya yığması ilə Kiprdə qolsuz bərabərliklə nəticələnən yoldaşlıq görüşü olub. Həmin vaxt Nalçik "Spartak"ının üzvü olan futbolçu 90 dəqiqə meydanda olub. Əvvəl söhbət açdığımız dördlükdən həmin oyunda yalnız R.İdiqov çıxış edib. Onun ilk və yeganə qolu isə həmin ilin mayın 27-də Belarus yığması ilə 2:2 hesabı ilə nəticələnən yoldaşlıq görüşündə qeydə alınıb. R.İdiqov matçın 75-ci dəqiqəsində oyunda son nöqtəni qoyaraq yığmamızı məğlubiyyətdən xilas edib.
İndiyədək Azərbaycan yığmasında 46 milliləşən legioner olub ki, ən sonuncusu Türkiyənin "Bursaspor" klubunun hücumçusu Dəniz Yılmazdır. Həmin 46 "əcnəbimiz"dən 10-cu qol vurmağı bacarıb. Bunlar İdiqovla yanaşı, Narvik Sirxayev, Ruslan Qurbanov, Murad Hüseynov, Cihan Özkara, Rüfət Dadaşov, Dmitri Nazarov, Andre Ladaqa, Fabio Luis Ramim və Branimir Subaşiçdir. Göründüyü kimi, fərqlənən əslən Rusiya, Almaniya, Braziliya və Serbiyadan olanlardır. Onlar arasında ən son qol hesabını açan R.Qurbanovdur. Hücumçu "Qəbələ"nin üzvü kimi millimizdə ilk qolunu cari seçmə mərhələnin startında - ötən ilin sentyabrın 4-də San-Marino yığmasına 1:0 hesabı ilə qalib gəldiyimiz səfər matçında vurub.
Milliləşən legionerlər arasında bombardir isə B.Subaşiçdir. Artıq futbolçu karyerasını bitirən 35 yaaşlı erbiyalı hücumçu 7 dəfə rəqib qapılarına yol tapıb. Hazırda millimizin üzvü olan D.Nazarov ona lap yaxınlaşaraq cəmi 1 qol geri qalır.
Göründüyü kimi, milliləşən legionerlər arasında Rusiyadan olanlar liderdir. Bu yolun cığıraçanları sayda da başqa ölkələrdən qabaqdadırlar. Rusiyalıların gəlişi son illərdə də müşahidə olunur. Bu ölkədən dəvət olunanlar arasında Dağıstan futbol məktəbinin yetirmələri çoxluq təşkil edir.
Almaniyadakı türklər, Azərbaycandan çıxan və bura qayıdan həmyerlilərimiz
Rusiyalılardan sonra Almaniyadan gələnlər 2-ci yerdə gedirlər. Bunlar da həmin ölkədə dünyaya gələn, futbolun sirlərini öyrənən türklərdir. Həmin oyunçuların axını millimizə almaniyalı Berti Foqts baş məşqçi olanda başlayıb, onu əvəzləyən hazırkı xorvatiyalı çalışdırıcımız Robert Prosineçkinin dövründə də davam edib.
Millimizdə braziliyalı legionerlər Şahin Diniyevin baş məşqçiliyi vaxtında çıxış ediblər. Ukraynalı legioner Aleksandr Çertoqanov da onun vaxtında debüt edərək sonradan mütləq rekordçu olub. Məsələ ondadır ki, yığmamızda ən çox oyun keçirən milliləşən legioner də məhz Çertoqanovdur. Artıq karyerasını bitirən 37 yaşlı keçmiş yarımmüdafiəçinin hesabında 54 matç var. Yeri gəlmişkən, Çertoqanov 1992-ci ildə keçirilən milli çempionatımızda ən çox oyun keçirən legioner kimi də liderdir.
Bəzi milliləşən legionerlərlə bağlı məqamları qeyd etmək istərdim. Məsələn, Emin Nuri Bolqarıstanda dünyaya gələn bolqar türkü olsa da, futbolçu həyatı İsveçə bağlıdır, bu ölkənin vətəndaşlığını daşıyır. Dmitri Nazarovun futbolçu karyerası isə Almaniya ilə bağlı olsa da, 27 yaşlı yarımmüdafiəçi Qazaxıstanda dünyaya gəlib. Vüqar Əsgərovla Emin Mahmudov vətəndə - müvafiq olaraq Sumqayıtda və Saatlıda anadan olublar. Ancaq onlar uşaq vaxtlarında ailələri ilə birgə müvafiq olaraq Latviya və Rusiyaya köçərək bu ölkələrin vətəndaşlıqlarını daşıyıb, sonradan bunu dəyişərək Azərbaycan vətəndaşlığını alıblar. Ramil Şeydayev isə Rusiyanın Sankt-Peterburq şəhərində dünyaya gələrək bu ölkənin U-21 yığmasında oynayıb, sonradan tarixi vətənini seçib. Eddi İsrafilovun atası naqolalı olsa, anası azərbaycanlıdır. İspaniyada dünyaya gələn bu futbolçu anasının soyadını daşıyır.
Sonda onu da bildirək ki, milliləşən legionerlərimizdən 2-si artıq xeyli vaxtdır bu dünyadan köçüblər. İ.Həsənbəyov avtomobil qəzasında həlak olubsa, A.Stukas xərçəng xəstəliyindən vəfat edib.
Rusiya
1. Kazemir Qudiyev (qapıçı, 29.04.1972) - 3 oyun
(-4 qol), (1996-97-ci illər)
2. Deni
Qaysumov (müdafiəçi, 06.02.1968) – 24 oyun, (1996-98-ci illər)
3. Ruslan
İdiqov (hücumçu, 29.03.1966) – 7 oyun (1 qol), (1996-cı il)
4. İbrahim
Həsənbəyov (hücumçu, 25.10.1969) – 2 oyun, (1996-cı il)
5. Narvik
Sirxayev (yarımmüdafiəçi, 16.03.1974) – 17 oyun (1 qol), (1997-99-cu illər)
6. Yuri Muzika – (yarımmüdafiəçi, 10.08.1982)
– 8 oyun, (2005-06-ci illər)
7. Daniel Axtyamov (hücumçu, 26.03.1985) – 13 oyun, (2004-09-cu illər)
8. Sergey
Sokolov (müdafiəçi, 17.03.1977) – 7 oyun, (2006-cı il)
9. Murad
Hüseynov (hücumçu, 25.01.1989) - 5 oyun (1 qol), (2011-ci il)
10. Bədavi
Hüseynov (müdafiəçi, 11.07.1991) - 27 oyun, (2012-17-ci illər)
11. Arif Daşdəmirov (müdafiəçi, 10.02.1987) - 10 oyun, (2012-17-ci illər)
12. Murad Ağayev (yarımmüdafiəçi, 09.02.1993) - 1 oyun, (2012-ci il)
13. Rizvan Umarov (hücumçu, 05.04.1993) - 3 oyun, (2012-ci il)
14. Abdulla
Abatsiyev (yarımmüdafiəçi, 16.08.2014) – 1 oyun, (2014-cü il)
15. Məhəmməd
Mirzəbəyov (müdafiəçi, 16.11.1990) – 13 oyun, (2015-17-ci illər)
16. Məhəmməd
Qurbanov (hücumçu, 11.04.1992) – 3 oyun, (2015-17-ci illər)
17. Emin Mahmudov (yarımmüdafiəçi, 27.04.1992) - 2 oyun, (2016-17-ci illər)
18. Ruslan Qurbanov (hücumçu, 12.07.1991) - 17 oyun (1 qol), (2015-17-ci illər)
19. Ramil Şeydayev (hücumçu, 15.03.1996) - 5 oyun, (2016-17-ci illər)
Almaniya
1. Ufuk Budak (müdafiəçi, 26.05.1990) - 17 oyun (2011-16-cı illər)
2. Əli Gökdəmir (müdafiəçi, 17.09.1991) - 10 oyun (2012-15-ci illər)
3. Cihan Özkara (hücumçu, 14.07.1991) - 18 oyun (1 qol), (2012-ci il)
4. Uğur Pamuk (yarımmüdafiəçi, 15.09.1989) – 1 oyun, (2012-ci il)
5. Taşkın İlter (müdafiəçi, 05.07.1994) – 1 oyun, (2013-cü il)
6. Rüfət Dadaşov (hücumçu, 29.07.1991) – 16 oyun (4 qol), (2013-14-cü illər)
7. Pərdis Fərcad-Azad (hücumçu, 11.04.1988) - 6 oyun, (2013-cü il)
8. Tuğrul Erat (yarımmüdafiəçi, 17.06.1982) – 4 oyun, (2014-cü il)
9. Dəniz Yılmaz (hücumçu, 26.02.1988) - 2 oyun, (2016-cı il)
Ukrayna
1. Aleksey
Stukas (yarımmüdafiəçi, 17.02.1979) – 4 oyun, (1999-cu il)
2. Vladimir
Poşenxotsev (müdafiəçi, 28.11.1969) – 5 oyun, (1999-cu il)
3. Aleksandr
Çertoqanov (yarımmüdafiəçi, 08.02.1980) – 54 oyun, (2006-13-cü illər)
4. Vladimir Levin (müdafiəçi, 23.01.1984)
– 28 oyun, (2008-13-cü illər)
5. Andrey Popoviç (qapıçı, 04.03.1992) 2 oyun (-2 qol), (2011-ci il)
6. Pavel Paşayev (müdafiəçi, 04.01.1988) – 4 oyun, (2015-ci il)
Braziliya
1. Andre
Ladaqa – (yarımmüdafiəçi, 19.02.1975) – 11 oyun (1 qol), (2006-08-ci illər)
2. Ernani Pereyra (müdafiəçi, 22.01.1978) – 12 oyun, (2006-11-ci illər)
3. Leanrdo
Qomeş (hücumçu, 24.08.1978) – 18 oyun, (2006-13-cü illər)
4. Fabio Luis Ramim (yarımmüdafiəçi, 10.04.1981) – 16 oyun (4 qol), (2008-12-ci illər)
5. Markus Fereyra (yarımmüdafiəçi, 18.02.1982) - 2 oyun (2007-ci il)
Gürcüstan
1. Badri Kvaratsxeliya (hücumçu, 15.02.1965) – 3 oyun (2000-ci il)
Nigeriya
1. Usim Nduka (müdafiəçi, 23.01.1985) – 10 oyun, (2007-08-ci illər)
Serbiya
1. Branimir Subaşiç (07.04.1985) – 40 oyun (7 qol), (2007-13-cü illər)
İsveç
1. Emin Nuri (müdafiəçi, 22.07.1985) – 1 oyun, (2014-cü il)
Latviya
1. Vüqar Əsgərov (hücumçu, 14.05.1985) - 3 oyun, (2012-ci il)
Qazaxıstan
1. Dmitri Nazarov (yarımmüdafiəçi, 04.04.1990) – 23 oyun (6 qol), (2014-17-ci illər)
İspaniya
1. Eddi
İsrafilov (yarımmüdafiəçi, 02.08.1992) – 8 oyun, (2015-ci il)
MEHMAN SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib